“İki ölkə arasında əməkdaşlığın dərinləşməsini Aİ-yə inteqrasiya prosesində yeni pəncərənin açılması kimi başa düşmək olar” - MİLLƏT VƏKİLİ
“Azərbaycanın Slovakiya ilə əməkdaşlığın dərinləşməsi Avropa İttifaqına inteqrasiya olunmasında yeni bir pəncərənin açılması kimi başa düşmək olar. Ölkələrimiz arasında diplomatik əlaqələrin tarixi 1993-cü ilə təsadüf edir. Bu illər ərzində biz kifayət qədər bir uğurlu yol gedərək qarşılıqlı hörmət və fayda əsasında münasibətlərimizi formalaşdıra bilmişik”.
Bu sözləri Patrul.az-a dekabrın 8-də Bratislavada Prezident İlham Əliyev və Slovakiyanın rəhbəri Peter Pellegrini arasında baş tutan görüşün əhəmiyyətini şərh edərkən Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili xatırladıb ki, səfirliklərimiz fəaliyyət göstərir, 2005-ci ildən parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb:
“2021-ci ildən isə “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılmışdır. Həm də ölkələrimiz arasında əməkdaşlığa hüquqi baza yaradan 13 sənəd imzalanmışdır. Slovakiya torpaqlarımızın işğal altında olduğu dövrdə ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləmişdir. O cümlədən münasibətlərimiz şaxələnmiş şəkildə günü-gündən genişlənməkdədir”.
A.Badamov qeyd edib ki, dövlət başçımız səfər çərçivəsində Slovakiyanın prezidenti, baş naziri və parlament sədri ilə çox səmərəli görüşlər keçirdi və ölkələrarası münasibətlərin perspektivlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı:
“Azərbaycan qazı Slovakiyanın enerji təhlükəsizliyində həlledici rol oynayır. O cümlədən ölkəmiz Slovakiyadan hərbi texnikaları almaqla ordusunun silahlanmasını gücləndirir. Dövlət başçılarımız müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyi müzakirə etdilər. Belə ki, biz bu əməkdaşlığı genişləndirməklə nəinki ordumuzun hərbi təchizatını yaxşılaşdıra bilərik, o cümlədən üçüncü ölkələrə silah ixracı ilə bağlı birgə istehsalımızı qura bilərik. Təbii ki, birgə silah istehsalı ölkələrimizə böyük gəlirlər gətirəcəkdir.
Azərbaycanın reallaşdırdığı Orta Dəhliz layihəsi ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində yeni istiqamətlər açır. Belə ki, Asiyanı Avropa ilə birləşdirən Orta dəhlizin növbəti seqmenti olan Zəngəzur dəhlizinin açılması Avropa İttifaqı üçün, o cümlədən Slovakiyaya da yeni imkanlar qazandıracaq”.

Deputatın sözlərinə görə, Azərbaycan və Slovakiya İnformasiya texnologiyaları və beynəlxalq data mərkəzlərinin yaradılmasında birgə işləyə bilər:
“Bunun üçün dayanıqlı enerji təminatını yaradacaq Azərbaycanın 2030-cu ilə qədər istehsal gücünü 8 gigivata çatdırılmasını hədəflədiyi bərpa olunan enerji potensialı vacib rol oynaya bilər.
Dövlət başçımızın Slovakiyaya rəsmi dövlət səfəri ölkələrimiz arası qarşılıqlı rəsmi dövlət səfərləri üçün bir başlanğıc oldu. Növbəti mərhələdə isə Slovakiyanın prezidentinin Azərbaycana səfəri gözləniləndir. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə və xalqlarımızın bir-birinə yaxınlaşmasına yeni impuls veriir”.
Ləman Sərraf






