media-123

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Patrul.az xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırlayıb.

Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlət başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxunub.

Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirib ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.

Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini deyib.

Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirib.

Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu deyib. O bildirib ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışıb, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını deyib.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib.

Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulanıb.

Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olunub.

media-177865806516227032_1200x630 media-17786580654536965095_1200x630 media-17786580652117510110_1200x630 media-17786580653335531554_1200x630 media-17786580655618640607_1200x630 media-17786580652980332730_1200x630 media-17786580655519822044_1200x630 media-1778658065639261566_1200x630


Bənzər xəbərlər