media-inshot_20260120_171937804

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.

Patrul.az müsahibəni təqdim edir.

Müxbir: Sizi salamlayırıq və Davosda “Avrasiya Söhbətləri”nə xoş gəldiniz. Bu gün mən məmnunluqla Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət aparacağam. Hazırda bizə qoşulduğunuza görə olduqca minnətdaram. Sizi görmək çox xoşdur. Burada, Davosda dünya liderləri ilə bir araya gəldiyiniz zaman biz hazırda mövcud beynəlxalq sistemin fundamental olaraq yenidən dəyərləndirilməsinin şahidiyik. Bir sözlə, Siz bu dəyişiklik barədə əvvəlcə də xəbərdarlıq etmişdiniz. Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə uyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir?

Prezident İlham Əliyev: Bilirsiniz, əslində qeyd etdiyiniz kimi, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.

– Sizi təbrik etmək istəyirəm. Dünən öyrəndim ki, göstərdiyiniz bütün səylərə görə Siz “Zayed İnsan Qardaşlığı Mükafatı”nı alacaqsınız. Təbii ki, bununla gəlib növbəti suala çıxıram. Bildiyiniz kimi, onilliklər ərzində rəqabətə əsaslanan maraq, təsir və dəyişən müttəfiqlikdən sonra Ermənistanla tarixi sülh razılaşması ilə Cənubi Qafqaz qlobal səviyyədə sürətlə inkişaf edir. Regionda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz?

– Əvvəlcə, təbriklərə görə minnətdaram. Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.

– Biz də buna ümid edirik. İran sizin qonşunuzdur. Orada cərəyan edən böhranla əlaqədar Azərbaycan hansı mövqedən çıxış edir? Bunun Avrasiya məkanında sabitliyə, o cümlədən enerji bazarlarına təsirini necə qiymətləndirirsiniz?

– Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.

Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir – ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir.

– Sizcə, Cənubi Qafqaz enerji sektorunda getdikcə artan qüvvə ilə əhəmiyyətinə görə hansı mövqedədir, o cümlədən Avropa İttifaqı istiqamətində?

– Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.

– Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir?

– Biz artıq buna reaksiya vermirik.

– Olduqca diplomatik cavabdır.

– Bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.

Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.

Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.

– Cənab Prezident, Sizinlə hər zaman söhbət etmək xoşdur, bu səhər “Euronews”a müsahibənizə görə təşəkkür edirik.

– Dəvətinizə görə təşəkkür edirəm.

Sonra dövlət başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.

media-daaa_1768913557 media-176889544928739896_1200x630 media-1768895449226529059_1200x630 media-17688954492872540775_1200x630 media-17688998154463723432_1200x630 media-17688954492173765069_1200x630 media-1768895449369749866_1200x630 media-1768895449696355903_1200x630 media-17688954501078059694_1200x630 media-1768899815362393740_1200x630 media-17688998153886447072_1200x630 media-17688954504123156047_1200x630 media-1768899815138425829_1200x630 media-17688954505577229147_1200x630 media-17688998151665754499_1200x630 media-17688998152127017654_1200x630 media-17688998154323563802_1200x630 media-176889545055567385_1200x630 media-17688998154576921278_1200x630 media-17688998153535846052_1200x630 media-17688954505316312855_1200x630 media-17688954505404830275_1200x630 media-17688998155943829197_1200x630 media-17688954504422041643_1200x630 media-17688954505077610022_1200x630 media-17688954504383945405_1200x630 media-17688954502352313540_1200x630 media-1768895450632350198_1200x630 media-17688954504187619037_1200x630 media-1768900095246715428_1200x630 media-17688998154608744023_1200x630 media-17688998154176029519_1200x630 media-1768899815387986690_1200x630


Bənzər xəbərlər