media-img-20260225-wa0069

Ramazanda ən çətin an adətən günün ortası olur, çünki enerji düşür, diqqət azalır, mədə siqnal verməyə başlayır. Amma işin sirri imsaqda necə qidalanmağımızdadır. Səhər nə yediyin günün necə keçəcəyini müəyyən edir. İmsaqda doğru seçim etsəniz, gün boyu aclıq hissini minimuma endirmək mümkündür.

Patrul.az-ın araşdırmasına görə, əsas prinsip qan şəkərini sürətlə qaldırıb tez düşürən yox, sabit saxlayan qidalar seçməkdir.

İlk növbədə zülal vacibdir. Yumurta, kəsmik, qatıq, pendir kimi qidalar uzun müddət toxluq hissi yaradır. Məsələn, 1–2 ədəd yumurta səhər üçün ideal seçimdir. Zülal həzmi daha uzun çəkdiyi üçün mədəni tez boşaltmır və günortaya qədər enerjini stabil saxlayır.

İkinci əsas qrup kompleks karbohidratlardır. Ağ çörək, ağ düyü və şirniyyat əvəzinə tam buğda çörəyi, yulaf, qarabaşaq kimi lifli məhsullar seçmək lazımdır. Lif həm həzmi tənzimləyir, həm də aclıq hissini gecikdirir. Sadə dillə desək, ağ çörək insanı tez acdırır, tam taxıl isə daha uzun müddət tox saxlayır.

Üçüncü vacib məqam sağlam yağlardır. Qoz, badam, fındıq, avokado kimi qidalar az miqdarda qəbul edildikdə toxluq müddətini artırır. Amma ölçünü aşmaq olmaz.

Su balansı isə ayrıca mövzudur. İmsaqda kifayət qədər su içilməzsə, gün ərzində yaranan halsızlıq çox vaxt aclıq yox, susuzluqdan qaynaqlanır. Birdən-birə litr-litr su yox, bölərək və yavaş-yavaş içmək daha doğrudur.

Bundan əlavə, şəkərli çay, şirniyyat və şirələrdən uzaq durmaq lazımdır. Onlar qısa müddətlik enerji versə də, qan şəkərini sürətlə aşağı salır və daha tez acdırır. Eyni qayda çox duzlu qidalar üçün də keçərlidir, hansı ki gün ərzində susuzluğu artırır.

Mükəmməl imsaq üçün ideal kombinasiya belə ola bilər:

• 1–2 yumurta və ya kəsmik

• Tam buğda çörəyi və ya yulaf

• Bir ovuc qoz-fındıq

• Pomidor-xiyar kimi tərəvəz

• 2–3 stəkan su

Yəni, imsaq süfrəsi nə qədər balanslı və ağıllı qurularsa, gün bir o qədər rahat keçər. Ramazan yalnız ac qalmaq deyil, həm də bədəni düzgün tənzimləmək ayıdır.

Ləman Sərraf


Bənzər xəbərlər