media-inshot_20260429_162128492

Dim buraxılış imtahanlarında ingilis dili fənni üzrə sualların strukturunda edilən dəyişikliklə yanaşı, imtahan müddətinə əlavə 15 dəqiqə vaxtın verilməsi də nəzərdə tutulur. Yeni vaxt bölgüsü xüsusilə oxuyub-anlama və yazı hissələrində yaranan vaxt çatışmazlığını azaltmağa yönəlib.

Bəs bu əlavə 15 dəqiqə imtahanın nəticələrinə və şagirdlərin hazırlıq səviyyəsinə necə təsir göstərə bilər?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, ingilis dili üzrə sual strukturundakı dəyişiklik və əlavə 15 dəqiqə vaxt, şagirdlərin dili daha praktik şəkildə yoxlamağa yönəlmiş zəruri yenilikdir:

“DİM-in buraxılış imtahanında ingilis dili üzrə sual strukturunda edilən dəyişiklik və buna paralel olaraq əlavə 15 dəqiqə vaxtın verilməsi formal bir artım deyil, məzmun dəyişikliyinə uyğunlaşdırılmış zəruri bir addımdır. Çünki yeni model əvvəlki kimi yalnız qapalı test tapşırıqları ilə məhdudlaşmır, artıq şagirdin dili real istifadə bacarığı ilə ölçməyi hədəfləyir”.

media-inshot_20260429_162021233

P. Qədimova qeyd edir ki, yeni modeldə yazı bacarığının da yoxlanılması əlavə 15 dəqiqəni zəruri edir:

“Verilən məlumata əsasən, qiymətləndirmə modeli mərhələli şəkildə daha funksional və kommunikativ yanaşmaya keçir. Buraya dinləmə, oxu, leksik-qrammatik biliklə yanaşı, xüsusilə yazı bacarığının yoxlanılması daxildir. Şagirdlərdən artıq ən azı 100 sözlük məntiqi və strukturlaşdırılmış mətn yazmaq tələb olunur. Bu isə əvvəlki test tipli suallardan fərqli olaraq daha çox düşünmə, planlaşdırma və ifadə vaxtı tələb edir. Məhz bu kontekstdə əlavə edilən 15 dəqiqə şagirdə fikrini formalaşdırmaq, ideyaları ardıcıllıqla qurmaq, yazını strukturlaşdırmaq və redaktə etmək imkanı verir”.

Təhsil ekspertinin sözlərinə görə, pilot imtahanlar göstərir ki, əlavə 15 dəqiqə daha ədalətli qiymətləndirmə üçün vacibdir:

“Digər tərəfdən, artıq 9-cu sinifdə tətbiq olunan şəkil əsasında hekayə yazmaq kimi tapşırıqlar göstərdi ki, şagirdlər belə fəaliyyətlərdə daha çox vaxta ehtiyac duyur. Pilot imtahanların nəticələrinin təhlili də bu ehtiyacı təsdiqləyib və əlavə vaxt qərarı məhz praktik müşahidələrə əsaslanır.

Nəticə etibarilə, bu 15 dəqiqə imtahanın çətinləşdirilməsi deyil, əksinə, daha ədalətli və obyektiv qiymətləndirmə mühitinin yaradılmasıdır. Bu dəyişiklik şagirdin sadəcə test həll edən yox, dili istifadə edən fərd kimi qiymətləndirilməsinə xidmət edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər