media-img_8653

İmtahanların qiymətləndirilmə prosesi mediaya açıqlandı.

Patrulaz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanlarının ən mühüm mərhələlərindən biri olan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi prosesinə dair media nümayəndələri üçün təqdimat təşkil edib.
Məqsəd bu prosesin şəffaf və obyektiv şəkildə həyata keçirildiyini ictimaiyyətə nümayiş etdirməkdir.

Tədbirin əvvəlində DİM-in aparat rəhbəri Vəfadar Misirov çıxış edərək imtahanların ərəfəsində məsələnin aktuallığını vurğulayıb. O bildirib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda və regional bölmələrində həyata keçirilir. “Mərkəz imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması istiqamətində fasiləsiz iş aparır,” – deyə V.Misirov qeyd edib.

Fakt olaraq təqdim olunub ki, 2025-ci ilin mart ayının 2-də və 9-da keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar. DİM-in Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov bildirib ki, hər bir yazı işi iki marker tərəfindən yoxlanılır və nəticədə ümumilikdə 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirilib. “Bu üsul şagirdin tanınması ehtimalını sıfra endirir və qiymətləndirmə prosesinin obyektivliyini təmin edir,” – deyə A.Qasımov qeyd edib.

Xatırladaq ki, markerlər yalnız bir tapşırıq üzrə yoxlama apardıqları üçün sürətli və keyfiyyətli nəticələr əldə olunur. Bununla yanaşı, hər bir şagirdin yazı işi 20-yə yaxın marker tərəfindən qiymətləndirilmiş olur. Bu isə şəffaflıq və dəqiqlik baxımından böyük üstünlükdür.

Qeyd edək ki, markerlərin iştirakı təkcə qiymətləndirmənin keyfiyyətinə deyil, həm də onların şəxsi və peşəkar inkişafına xidmət edir. Müəllimlər bu prosesdən əldə etdikləri təcrübəni dərsdaxili qiymətləndirmədə, yeni tapşırıqların hazırlanmasında və şagirdlərin nəticələrinin təhlilində uğurla tətbiq edə bilirlər. 2024-cü ildə markerlər ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçiriblər və onlara 1 milyon manatdan çox əməkhaqqı ödənilib.

DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov isə “Onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.

Sonda media nümayəndələri imtahan zallarında markerlərin iş şəraiti ilə tanış olub, yoxlama prosesini müşahidə edərək suallarını birbaşa mütəxəssislərə ünvanlayıblar. Tədbir DİM-in beynəlxalq imtahan zallarının təqdimatı ilə yekunlaşıb.

media-fff4bb15-671a-488a-a073-135643e925a3 media-3eb6a4b2-f841-4700-8c77-1b0b31f0c277


Bənzər xəbərlər