İndiki dövrdə oğlan, yoxsa qız uşağını böyütmək daha çətindir? - PSİXOLOQ DANIŞDI
Zaman dəyişdikcə ailədaxili dəyərlər, tərbiyə üsulları da dəyişir. Xüsusilə sosial şəbəkələrin təsiri, informasiya bolluğu və cəmiyyətin fərqli gözləntiləri uşaqların tərbiyəsini əvvəlkindən daha mürəkkəb prosesə çevirib. Bəs indiki dövrdə oğlan, yoxsa qız uşağını böyütmək daha çətindir?
Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Patrul.az-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, dəyişən zamanla mübarizə aparmaq yox, ayaqlaşmaq lazımdır:
“Hətta İmam Əlinin belə bir sözü var ki, “övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin”. Ona görə də bütün dəyişiklikləri tərbiyə verərkən nəzərə almaq vacibdir.
Təəssüf ki, bu gün sosial şəbəkələrin, xüsusilə də Azərbaycana, Azərbaycan ailələrinə və mentalitetinə çox ciddi, mənfi və zərərli təsiri var. Görürük ki, bu gün əxlaqsızlıq, mənəvi pozğunluq yolunda olan insanlar özlərini psixoloq və ya həkim adlandırır, heç bir ali təhsili olmadan öz aləmlərində insanlara “məsləhət” verirlər. Bu isə cəmiyyət üçün olduqca təhlükəli haldır”.

Bugünkü gündə oğlan, yoxsa qız uşağını böyütmək daha çətindir sualına gəldikdə isə psixoloq bildirib ki, əvvəlki dövrlərlə müqayisədə indi hər ikisini böyütmək çətinləşib:
“Əvvəllər bəlkə fərq var idi – qız uşaqları daha çox ailəyə bağlı, nəzarət altında böyüyürdü, oğlan uşaqları isə cəmiyyətlə daha çox təmasda olurdu və ona görə də cəmiyyətin zərərli təsirini daha çox oğlanların üzərində görürdük. Amma indi vəziyyət dəyişib. “Instagram”, “TikTok”, “Facebook” və s. kimi sosial şəbəkələr vasitəsilə zərərli təsir birbaşa hər iki cinsə eyni dərəcədə yönəlir. Yəni artıq burada oğlan-qız fərqi yoxdur. Hər ikisini düzgün böyütmək, qorumaq çox çətindir.
Valideynlər isə bəzən məsuliyyəti öz üzərindən atmaq istəyir, günahı məktəbdə, cəmiyyətdə axtarırlar. Halbuki, bütün yük axırda yenə ailənin, valideynin üzərinə düşür. Valideyn birinci növbədə öz məsuliyyətini dərk etməlidir. Övladını “qorumaq” sadəcə nəzarət və qadağa ilə olmur – bu artıq mümkün deyil. İndiki dövrdə övladı düzgün psixoloji baza ilə, möhkəm daxili immunitetlə formalaşdırmaq lazımdır. Əgər psixoloji immunitet formalaşarsa, heç bir zərərli təsir onu yolundan çəkindirə bilməz”.
Elmir Əkbər əks təqdirdə, bu gün narkomaniyanın, mənəviyyatsız dəstələrin, evdən qaçan uşaqların və ən təhlükəlisi, mobil telefonlarda oynanılan qumar oyunlarının geniş yayıldığının şahidi olacağımızı söyləyib:
“Əvvəllər qumar zirzəmilərdə, gizli yerlərdə olurdu, indi isə qumar telefonların içindədir. Və bunlar artıq birbaşa pul üzərində oynanılır – əvvəlcə az miqdarda olsa da, sonradan ciddi asılılıq yaradır.
Valideynlər ayıq-sayıq olmalıdırlar. Bu cür asılılıqların müalicəsi çox çətindir – həm vaxt, həm maddi sərmayə, həm də enerji tələb edir. Problemləri vaxtında görmək və qarşısını almaq böyük faciələrin qarşısını alır”.
Ləman Sərraf






