media-inshot_20260220_090414569

Son illərdə insanların bir-birinə qarşı soyuq münasibəti müşahidə olunur. Eyni evdə yaşayanlar arasında ünsiyyət azalır, dostluqlar formal xarakter alır. Bəs insanlar bir-birinə qarşı niyə laqeydləşir?

Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova Patrul.az-a fikirlərini bölüşüb. 

O bildirib ki, son illərdə insanların bir-birinə qarşı münasibətlərində müəyyən soyuqluq və məsafə hiss olunur:

“Eyni evdə yaşayan ailə üzvləri arasında ünsiyyət azalır, dostluqlar daha çox formal xarakter daşıyır. Psixoloq olaraq bu vəziyyəti bir neçə əsas faktorla izah etmək mümkündür.

İlk növbədə, müasir həyatın sürətli tempi insanları emosional baxımdan yorur. Daimi iş yükü, maddi məsuliyyətlər, sosial öhdəliklər insanın psixoloji resurslarını azaldır. İnsan öz daxili gərginliyi ilə məşğul olduğu üçün qarşı tərəfə diqqət və empati göstərməkdə çətinlik çəkir. Emosional tükənmişlik artdıqca, insanlar özlərini qoruma mexanizmi kimi daha qapalı və məsafəli aparırlar”.

media-inshot_20260220_085835465

Onun sözlərinə görə, digər mühüm amil rəqəmsal texnologiyaların həyatımıza dərin şəkildə daxil olmasıdır:

“Sosial şəbəkələr ünsiyyət imkanlarını artırsa da, canlı və dərin emosional əlaqələrin yerini tam doldura bilmir. Virtual ünsiyyət real münasibətlərin keyfiyyətini azaldır, insanlar eyni məkanda olsa belə, fərqli ekranlarda yaşayırlar. Bu isə yaxınlıq hissini zəiflədir.

Cəmiyyət daxilində etimad səviyyəsinin azalması da laqeydliyin səbəblərindən biridir. İnsanlar xəyanət, anlaşılmazlıq və ya rədd edilmə təcrübəsi yaşadıqca, özlərini emosional olaraq qorumağa çalışırlar. Nəticədə münasibətlərdə səmimiyyət azalır, formal davranışlar artır.

Pandemiya dövrü də sosial münasibətlərə ciddi təsir göstərdi. Uzun müddətli izolyasiya, sosial məsafə qaydaları insanların ünsiyyət vərdişlərini dəyişdirdi. Bir çox insan üçün sosial aktivlik azaldı və bu passivlik sonrakı dövrdə də davam etdi.

Eyni zamanda fərdiyyətçiliyin artması da diqqətəlayiqdir. Müasir dövrdə “özünü reallaşdırmaq”, “öz sərhədlərini qorumaq” anlayışları daha çox vurğulanır. Bu, sağlam psixoloji sərhədlər baxımından müsbət olsa da, bəzən həddindən artıq individualizm kollektiv münasibətləri zəiflədir”.

Z.Əyyubova əlavə edib ki, laqeydlik əslində çox vaxt hissizlik deyil, emosional yüklənmənin nəticəsidir:

“İnsan özünü təhlükəsiz və anlaşılmış hiss etdikdə, yenidən münasibətlərə açıq olur. Bunun üçün ailə daxilində keyfiyyətli vaxt keçirmək, aktiv dinləmə bacarığını inkişaf etdirmək və emosiyaları açıq ifadə etmək vacibdir.

Nəticə olaraq, insanlar təbiətən sosial varlıqlardır və yaxın münasibətə ehtiyac duyurlar. Müasir dövrün çağırışları bu ehtiyacı kölgədə qoya bilər, lakin şüurlu yanaşma və emosional savadlılıq vasitəsilə münasibətlərdə istiliyi yenidən bərpa etmək mümkündür”.

Ləman Sərraf


Bənzər xəbərlər