İnternet sürətinin zəifliyi ilə bağlı “Aztelekom”dan RƏSMİ AÇIQLAMA
Azərbaycanda son bir neçə gündür təqdim olunan internet xidmətinin sürətində kəskin zəifləmələr müşahidə olunur. Maraqlıdır ki, bu problem sosial media platformalarında o qədər hiss olunmasa da, əsas iş alətləri olan xəbər saytlarının idarəetmə panellərində (CMS), müxtəlif dövlət və özəl informasiya sistemlərində ciddi donmalara və gecikmələrə səbəb olur. Belə hallar daha çox günorta saatlarında müşahidə olunur ki, bu da iş fəaliyyətinə birbaşa maneə törədir.
Məsələ ilə bağlı Patrul.az olaraq “Aztelekom” MMC-nin mövqeyini öyrəndik.
Qurumdan redaksiyamıza verilən rəsmi açıqlamada “Aztelekom”a bağlı şəbəkələrdə hər hansı texniki nasazlığın və internet zəifləməsinin olmadığı bildirilib:
“Aztelekom” MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və ya kəsinti müşahidə olunmur”, – açıqlamada qeyd olunub.
Məlumat üçün bildirək ki, bu açıqlama “Aztelekom”a aid və ya onun şəbəkəsində fəaliyyət göstərən aşağıdakı əsas provayderlərə şamil olunur:
Dövlət provayderləri: Aztelekom.net (Online), Baktelekom (Bakinternet), AzEuroTel.
Tərəfdaş provayderlər (Aztelekom infrastrukturu ilə): Azeronline, Eurosel, Connect, Uninet, TransEvroKom və Avirtel.
Gülbəniz Səfərova






