media-pexels-karolina-grabowska-4467737_optimized_500

Bir kliklə paylaşdığımız foto, mesaj və ya sənəd bəzən illər sonra gözlənilməz nəticələrə səbəb ola bilər. İnternetdə silindiyini düşündüyümüz məlumatların həqiqətən yox olub-olmaması isə çoxlarını düşündürən mövzudur.

Bəs bir dəfə internetdə yayılan şəxsi məlumatları rəqəmsal mühitdən tamamilə silmək mümkündürmü, yoxsa onlar gələcəkdə şantaj və ya sui-istifadə üçün iz kimi qalır?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki, internetdə bir dəfə yayılan məlumat tamamilə silinsə belə, onun izləri müxtəlif yerlərdə qalmağa davam edə bilər:

“Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə şəxsi məlumatların təhlükəsizliyi təkcə texniki deyil, həm də sosial və hüquqi məsələ kimi ön plana çıxır. Sosial şəbəkələr, bulud xidmətləri, mesajlaşma platformaları və digər rəqəmsal mühitlər istifadəçilərə böyük imkanlar yaratsa da, eyni zamanda məlumatların uzunmüddətli qorunması ilə bağlı yeni risklər meydana çıxarır. İctimaiyyətdə ən çox rast gəlinən yanlış təsəvvürlərdən biri budur ki, internetdə paylaşılmış məlumat sonradan silinərsə, tamamilə yox olur. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssis kimi qeyd etmək istərdim ki, bu yanaşma texniki reallığı tam əks etdirmir. Əslində internetdə bir dəfə yayılan məlumatın gələcəkdə yenidən ortaya çıxma ehtimalı həmişə mövcuddur.İstifadəçi hər hansı paylaşımını, fotoşəklini və ya hesabını silə bilər. Lakin həmin məlumat bundan əvvəl başqa istifadəçilər tərəfindən endirilmiş, ekran görüntüsü çəkilmiş, müxtəlif serverlərdə ehtiyat nüsxə kimi saxlanılmış və ya digər platformalarda paylaşılmış ola bilər”.

media-media-media-inshot_20260526_144312485-yc54fw-5ir7kv

E.Atayev qeyd edir ki, silinmiş hesab olunan məlumatlar belə sonradan yenidən ortaya çıxaraq şantaj, fırıldaqçılıq və ya şəxsi həyata müdaxilə üçün istifadə oluna bilər:

“Bundan əlavə, bir çox rəqəmsal xidmətlər məlumatların müəyyən hissəsini müəyyən müddət ərzində ehtiyat sistemlərində saxlayır. Bu isə o deməkdir ki, məlumatın görünən hissəsinin silinməsi onun bütün surətlərinin aradan qalxması anlamına gəlmir.Son illərdə dünyada baş verən çoxsaylı kibertəhlükəsizlik insidentləri göstərir ki, illər əvvəl internetə yüklənmiş və sonradan silinmiş hesab edilən məlumatlar müxtəlif yollarla yenidən dövriyyəyə daxil ola bilir. Bəzi hallarda bu məlumatlar reputasiya zərərinin yaradılması, sosial mühəndislik hücumları, şəxsi həyatın pozulması və hətta şantaj məqsədilə istifadə olunur”.

Onun sözlərinə görə, internetdə buraxılan rəqəmsal izlər illər sonra belə birləşdirilərək şəxsin nüfuzuna, təhlükəsizliyinə və şəxsi həyatına ciddi təsir göstərə bilər:

“Xüsusilə diqqət yetirilməli məqamlardan biri odur ki, kibercinayətkarlar çox zaman bir məlumatın özündən deyil, müxtəlif mənbələrdən topladıqları məlumatların birləşdirilməsindən istifadə edirlər. Məsələn, sosial şəbəkədə paylaşılmış fotoşəkil, başqa platformadakı istifadəçi adı, açıq mənbələrdə yerləşdirilmiş əlaqə məlumatları və köhnə məlumat sızmalarından əldə edilmiş məlumatlar birlikdə istifadə edilərək bir şəxs haqqında kifayət qədər ətraflı profil formalaşdırıla bilər. Bu isə hədəfli hücumların və şantaj cəhdlərinin effektivliyini artırır.Müasir kibertəhlükəsizlik yanaşmalarında “rəqəmsal iz” anlayışı xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal iz internetdə həyata keçirdiyimiz bütün fəaliyyətlərin yaratdığı məlumat toplusudur. Sosial media paylaşımları, forum şərhləri, fotoşəkillər, videolar, qeydiyyatlar və digər onlayn fəaliyyətlər bu izlərin bir hissəsini təşkil edir. İnsanlar çox zaman paylaşdıqları məlumatın həmin anda yaratdığı təsiri düşünürlər, lakin onun illər sonra hansı nəticələr doğura biləcəyini nəzərə almırlar.Bu baxımdan xüsusilə gənclərin və sosial media istifadəçilərinin maarifləndirilməsi vacibdir. Bu gün adi görünən bir paylaşım gələcəkdə işə qəbul prosesinə, peşəkar reputasiyaya, biznes münasibətlərinə və ya şəxsi həyata təsir göstərə bilər. İnternet yaddaşı insanların düşündüyündən daha uzunömürlüdür”.

Mütəxəssislərin fikrincə, internet təhlükəsizliyində ən doğru yanaşma məlumatı paylaşmazdan əvvəl onun uzunmüddətli nəticələrini düşünmək və riskləri əvvəlcədən minimuma endirməkdir:

“Mənim fikrimcə, ən vacib təhlükəsizlik prinsipi belədir: istifadəçi internetdə paylaşdığı hər bir məlumatı potensial olaraq uzun müddət əlçatan qala biləcək məlumat kimi qiymətləndirməlidir. Əgər hər hansı məlumatın gələcəkdə ictimaiyyətə açıq olmasını istəmiriksə, onu paylaşmazdan əvvəl bir neçə dəfə düşünmək lazımdır.Bununla yanaşı, vətəndaşlar güclü parollardan istifadə etməli, iki mərhələli autentifikasiyanı aktivləşdirməli, məxfilik parametrlərini düzgün tənzimləməli və şəxsi məlumatlarını mümkün qədər məhdud paylaşmalıdırlar. Məlumatların qorunması sahəsində ən effektiv strategiya məlumat sızdıqdan sonra onun nəticələrini aradan qaldırmaq deyil, risklərin əvvəldən minimuma endirilməsidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər