Zaxarova: "Ermənistandakı seçkilər hakimiyyətin təzyiqi və Qərbin müdaxiləsi altında keçirilib"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərini şərh edərkən İrəvan hakimiyyətini və Qərb ölkələrini kəskin ittiham edib.
Patrul.az xəbər verir ki, rusiyalı rəsmi Ermənistandakı seçki mühitini “görünməmiş təzyiq və müdaxilə” dövrü kimi xarakterizə edib.
M.Zaxarova vurğulayıb ki, İrəvanda daxili siyasi rəqiblərə qarşı məqsədyönlü kampaniya aparılıb:
“Müxalifətə görünməmiş təzyiq var. Bir tərəfdən, bu, Ermənistan hökuməti tərəfindən açıq şəkildə bir konsepsiya kimi həyata keçirilən prosesdir. Digər tərəfdən, Qərbin müdaxiləsi də seçki prosesləri kontekstində bu bölgə üçün görünməmiş xarakter daşıyır”.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda baş tutan seçkilərdə 16 partiya və 2 ittifaq (blok) iştirak edib. Səsvermə bülletenlərində yer alan siyasi qüvvələr sırasına “Ermənistan” və “Güclü Ermənistan” blokları, həmçinin “Vətəndaş Müqaviləsi”, “Çiçəklənən Ermənistan”, “Meritokratik Ermənistan”, “Hamıya Qarşı”, “Demokratik Konsolidasiya”, “Birlik Qanadları”, “Parlaq Ermənistan”, “Milli Demokrat Qütb”, “Xristian Demokrat Partiyası”, “Erməni Milli Konqresi”, “Yeni Qüvvə”, “Respublika”, “İslahatçı Partiya”, “Demokratiya”, “Qanun, Qayda”, “Köçəri” Milli Dirçəliş və Millətin Oyanışı və Respublika Naminə Demokratiyanın Müdafiəçiləri Birliyi partiyaları daxil olub.
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin rəqəmlərə əsasən, səsvermədə seçici fəallığı 58,94% təşkil edib. Səsvermənin nəticələri isə aşağıdakı kimidir:
Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyası: 49,825%
Samvel Karapetyanın “Güclü Ermənistan” müxalifət bloku: 23,281%
Eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku: 9,934%
Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası: 3,99%
Qeyd edək ki, Q.Tsarukyanın siyasi qüvvəsi parlamenti formalaşdırmaq üçün zəruri olan keçid həddindən cəmi 0,01% az səs toplayıb. Bu səbəbdən partiya rəhbərliyi səslərin yenidən sayılması tələbi ilə artıq MSK-ya rəsmi müraciət ünvanlayıb.
Seçki prosesi ərəfəsində Ermənistan hüquq-mühafizə orqanlarının müxalifət cinahına qarşı inzibati və hüquqi resurslardan geniş istifadə etdiyi bildirilir. Ermənistan İstintaq Komitəsinin rəsmi statistikasına görə, seçki kampaniyası və səsvermə dövründə müxalif fəallara qarşı ümumilikdə 103 cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri çərçivəsində 194 nəfər saxlanılıb, onlardan 84-ü barəsində isə həbs və ya ev həbsi qətimkan tədbiri seçilib.
Ən səs-küylü proses isə Paşinyanın əsas rəqiblərindən sayılan milyarder, “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanla bağlı yaşanıb. Dövlət çevrilişinə cəhd ittihamı ilə barəsində ev həbsi qərarı verilən iş adamı seçki kampaniyasını yaxın qohumları vasitəsilə məsafədən idarə etmək məcburiyyətində qalıb. Blokun qərargahından verilən məlumata görə, səsvermə öncəsi bütövlükdə 700-dən çox tərəfdar və fəal polis tərəfindən saxlanılaraq təzyiqlərə məruz qalıb.
Ermənistan MSK şikayətlərin araşdırılması və səslərin dəqiqləşdirilməsi prosesinin davam etdiyini, yekun protokolların yaxın günlərdə elan olunacağını açıqlayıb.
Gülbəniz Səfərova






