Gəncə Dəmir Yolu Vağzalı yaxınlığında yaşayan sakinlər keçid problemi ilə üzləşiblər - VİDEO
Patrul.az redaksiyasına müraciət edən Gəncə şəhər sakinləri dəmir yolu stansiyasının ətrafında yaranmış problemlə bağlı narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, Gəncə Dəmir Yolu Stansiyasının sağ və sol tərəfində yaşayış məntəqələri yerləşir. Həmin əraziləri bir-biri ilə birləşdirən piyada keçidi olsa da, qatarların uzun müddət bu keçidin üzərində saxlanılması vətəndaşların hərəkətinə ciddi maneə yaradır.
İddia olunur ki, bəzi hallarda qatarlar saatlarla piyada keçidinin üzərində dayanır və nəticədə sakinlər qarşı tərəfə keçməkdə çətinlik çəkirlər. Bu vəziyyət xüsusilə məktəblilər, yaşlılar və işə gedib-gələn şəxslər üçün ciddi narahatlıq yaradır.
Sakinlər bildirirlər ki, qanunvericiliyə əsasən, dəmir yolu xəttini müəyyən olunmuş keçidlərdən kənar keçən şəxslər inzibati məsuliyyət daşıyırlar. Lakin piyada keçidinin qatarlar tərəfindən bağlanması vətəndaşları çıxılmaz vəziyyətdə qoyur.
Müraciət müəllifləri aidiyyəti qurumlardan problemin araşdırılmasını, qatarların piyada keçidlərini uzun müddət bağlamamasını və sakinlərin təhlükəsiz hərəkətinin təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.






