“Sosial şəbəkələrin nəzarətsiz və erkən yaşlarda istifadəsi bir sıra risklər yarada bilir” - PSİXOLOQ RƏYİ
“Sosial şəbəkələr müasir dövrdə uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Bu platformalar düzgün istifadə olunduqda informasiya əldə etmək, ünsiyyət qurmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və dünyagörüşünü genişləndirmək baxımından müəyyən imkanlar yaradır. Lakin uşaqların psixoloji inkişaf mərhələləri nəzərə alındıqda, sosial şəbəkələrin nəzarətsiz və erkən yaşlarda istifadəsi bir sıra risklər də yarada bilir”.
Bu fikirləri sosial şəbəkələrə yaş məhdudiyyətinin qoyulması ilə bağlı Patrul.az-a danışan psixoloq,Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov səsləndirib.
Araşdırmaları diqqətə çatdıran psixoloq bildirib ki, uzun müddət sosial şəbəkələrdə vaxt keçirmək uşaqlarda diqqət dağınıqlığının artmasına, yuxu rejiminin pozulmasına, emosional gərginliyə və özünüqiymətləndirmə problemlərinə səbəb ola bilər:
“Xüsusilə sosial müqayisələrin çox olduğu platformalarda uşaqlar özlərini başqaları ilə müqayisə etməyə başlayır, bu isə bəzən özünəinamın azalmasına, narazılıq hissinin formalaşmasına və hətta depressiv əlamətlərin yaranmasına gətirib çıxara bilir. Digər mühüm məqamlardan biri kibertəzyiq və ya onlayn zorakılıq problemidir. Ənənəvi zorakılıq məktəb və ya müəyyən məkanla məhdudlaşdığı halda, sosial şəbəkələrdə baş verən təzyiqlər günün istənilən saatında uşağın qarşısına çıxa bilir. Bu isə psixoloji təsirin daha uzunmüddətli və dərin olmasına səbəb olur. Bununla yanaşı, sosial şəbəkələr uşaqların şəxsiyyət formalaşması prosesinə də təsir göstərir. Uşaq və yeniyetmələr hələ öz kimliklərini formalaşdırdıqları bir dövrdə virtual mühitdə gördükləri davranış modellərini nümunə götürə bilirlər. Bu zaman qeyri-real həyat standartları, aqressiv davranış nümunələri və ya təhlükəli çağırışlar onların düşüncə və davranışlarına mənfi təsir göstərə bilər”.

Həmsöhbətimizin fikrincə, yaş məhdudiyyətlərinin tətbiqi müəyyən qədər qoruyucu rol oynayır:
“Əksər sosial şəbəkələrdə minimum yaş həddinin müəyyənləşdirilməsi uşaqların inkişaf xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilir. Lakin yaş məhdudiyyəti problemin tam həlli demək deyil. Çünki bir çox hallarda uşaqlar valideyn nəzarəti olmadan fərqli məlumatlarla qeydiyyatdan keçərək bu platformalara daxil ola bilirlər. Əsas məsələ uşağın sosial şəbəkəyə daxil olub-olmamasından daha çox, onun həmin mühitdə necə davranması, nə qədər vaxt keçirməsi və hansı məzmunlarla qarşılaşmasıdır. Bu baxımdan valideyn nəzarəti, rəqəmsal savadlılıq və uşaqlarla açıq ünsiyyət daha vacib amillər hesab olunur. Valideynlər qadağa qoymaqla kifayətlənməməli, övladlarının onlayn fəaliyyətləri ilə maraqlanmalı, təhlükələri izah etməli və sağlam rəqəmsal vərdişlərin formalaşmasına dəstək verməlidirlər”.
“Müasir yanaşmaya görə məqsəd uşaqları tamamilə sosial şəbəkələrdən uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsiz, məsuliyyətli və sağlam şəkildə iştirak etmələrini təmin etməkdir. Yaş məhdudiyyətləri bu prosesdə vacib vasitələrdən biri olsa da, problemin həlli yalnız texniki məhdudiyyətlərlə deyil, ailə, məktəb və cəmiyyətin birgə maarifləndirici fəaliyyəti ilə mümkündür. Uşaqların psixoloji sağlamlığının qorunması üçün rəqəmsal dünyaya uyğun yeni tərbiyə və nəzarət mexanizmlərinin formalaşdırılması günümüzün əsas çağırışlarından biridir”,- deyə o, sözlərini sonlandırıb.
Ləman Sərraf






