Mənzil bazarında qiymətlər niyə payızda da düşmür? - Ekspert
Bu il payız-qış mövsümündə əvvəlki illərdən fərqli olaraq mənzil bazarında durğunluq müşahidə olunmayıb. Əksinə, bazarda müəyyən canlanma baş verib və bu da qiymət artımına səbəb olub. Bu vəziyyət bir çoxlarını düşündürür:
Bəs görəsən, mənzil bazarındakı bu fəallığın arxasında məhz hansı amillər dayanır?
Bu barədə Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Patrulaz.az-a açıqlamasında bildirib ki, 2023-cü ilin dekabrından daşınmaz əmlakın qiymətləri nisbətən stabilləşib və 2024-cü ildən 5–15 faiz arasında artım davam edir:
“Hər ilin payız-qış mövsümündə qiymətlər düşür. 2023-cü ilin dekabrından qiymət artımı, əvvəlki illərdən olan artım dayandı. Bu da əslində ipoteka üçün ayrılmış vəsaitlə bağlı idi ki, artıq o vəsait banklar tərəfindən istifadə olunduğuna görə 2023-cü ilin dekabrında əvvəlki gərgin vəziyyət sakitləşdi. 2024-cü ilin birinci yarısında qiymətlər nisbətən stabilləşdi. 2024-cü ilin yayından bu günə kimi əvvəlki kimi olmasa da, stabil qiymət artımı təxminən 10–15 faiz arasında daşınmaz əmlakın növündən və yerindən asılı olaraq dəyişir. Düzdür, bu daha çox mənzillərə, yaşayış fonduna aiddir. Məsələn, kənd təsərrüfatı və sənaye sektorunda o qədər artım yoxdur. Amma torpaq və əsasən yaşayış üçün nəzərdə tutulmuş mənzil fondunun qiymətləri orta hesabla ən çox Bakı şəhərində 10–15 faiz, digər şəhərlərdə isə yerindən asılı olaraq 5–10 faiz arasında dəyişir. Şübhəsiz ki, 2–3 faiz artım olan yerlər də var”.

E. Azadov ipoteka artımı və tikinti icazələrinin məhdudluğu bazarda qıtlıq yaratdığını vurğulayıb:
“2022-ci ildən qiymət artımının başladığı dövrdən bu günə kimi ipoteka müraciətləri çoxalıb. Yəni, təkcə ipotekaya ehtiyacı olanlar yox, hətta investisiya baxımından ipoteka götürənlərin sayı da artıb. Bilirik ki, Bakı şəhərində ipotekaya çevrilmiş əmlak uzunmüddətli – artıq 20–25 il ərzində onun ipotekası bitənə kimi təkrar satışa çıxmadığına görə ümumi bazarda daşınmaz əmlak qıtlığı yaranıb və bu hal daha da artıb.
Eyni zamanda tikinti şirkətlərinin aktivliyinin azalması da icazələrin verilməsi ilə bağlıdır. Bu, aidiyyəti dövlət qurumları – Tikinti və Şəhərsalma Komitəsi tərəfindən son 5–6 ildə verilən icazələrin sayının ciddi şəkildə məhdudlaşdırılması ilə əlaqədardır. Bu baxımdan tikinti şirkətləri arasında bazarda rəqabət azalıb”.
Ekspertin fikrincə, mənzil bazarındakı qiymət artımı daşınmaz əmlakın qıtlığı ilə əlaqədardır:
“Tikinti şirkətləri isə daimi qiymət artımında maraqlı olublar. Mövcud vəziyyət budur: hazırkı qiymət artımı daşınmaz əmlakın qıtlığı ilə bağlıdır və bu proses nisbətən davam edir. Düzdür, alıcılıq qabiliyyəti bir qədər aşağı düşsə də, bu, əsasən bahalı mənzillərə aiddir. Bahalı əmlakların alqı-satqısı təxminən 30–40 faiz azalıb. Lakin ucuz əmlakların dövriyyəsi hələ də aktivdir”.
Cəmilə Cəfərzadə






