"İqtisadi çətinlik çəkən Ermənistan Zəngəzur dəhlizindən qazanc əldə edəcək" - DEPUTAT
“Cənab Prezidentin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Yəni, bu dəhlizdən təkcə ölkəmiz deyil, Ermənistan da bəhrələnəcək. Bir sözlə, bu, bölgənin inkişafına öz töhfəsini verəcək”.
Bu fikri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin dünən yerli media nümayəndələrinə müsahibəsi zamanı Azərbaycan və Ermənistan arasında yeni yolların açılacağı ilə bağlı fikrinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, hazırda iqtisadi çətinlik yaşayan Ermənistan Zəngəzur dəhlizindən qazanc əldə edərək inkişaf edəcək:
“Hazırda mövcud proseslərə baxdıqda Ermənistanın dalan vəziyyətində olduğunu görürük. İrəvan hökumətinin ciddi çətinliklərlə üzləşdiyinin şahidiyik. Bu addım isə Ermənistan iqtisadiyyatına mühüm töhfə verəcək. Belə ki, İrəvan hökuməti Zəngəzur dəhlizindən vəsait qazanacaq. Bununla da Ermənistan daha böyük uğurlara və inkişaf səviyyəsinə nail olacaq”.

C. Məmmədov sonda dövlətlərin Zəngəzur dəhlizindəki mövcud işlərə təkan verdiyini də vurğulayıb:
“Qeyd etdiyimiz kimi, bütün bunlar nəticəsində bütövlükdə bölgə yeni səviyyəyə qalxacaq və iqtisadi baxımdan ərazinin inkişaf etdiyinin növbəti dəfə şahidi olacağıq. Bu gün əsas hədəf və məqsəd görülən işlərə təkan vermək və prosesi daha da irəli aparmaqdır”.
Gülbəniz Səfərova






