İran-ABŞ arasındakı gərginlik pik həddə: Münaqişənin üçüncü mərhələsi başladı
İran ABŞ ilə münaqişənin üçüncü mərhələsinin başladığını elan edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi açıqlama verib.
İran rəsmisi həmçinin taktikanın dəyişdirildiyini bildirib.
“Lakin bu mərhələdə də əvvəlki iki mərhələdə olduğu kimi məğlubiyyətə uğrayacaqlar”, – deyə nazir müavini vurğulayıb.
ABŞ-nin İranda baş verən etirazlara verdiyi dəstəkdən sonra artan gərginlik iki ölkəni müharibə həddinə çatdırıb.
Bir müddətdir təhdid xarakterli açıqlamalar verən ABŞ Prezidenti Donald Tramp isə İrana yeni xəbərdarlıq edərək vaxtın məhdud olduğunu bildirib:
“İrana doğru nəhəng bir donanma yola düşüb. Bu donanma böyük güclə, sürətlə, qətiyyətlə və məqsədyönlü şəkildə hərəkət edir. O, Venesuelaya göndərilən donanmadan daha böyükdür və ona böyük təyyarədaşıyan gəmi olan ‘Abraham Lincoln’ rəhbərlik edir. Venesuela vəziyyətində olduğu kimi, zərurət yarandıqda öz missiyasını sürətlə və sərt şəkildə yerinə yetirməyə hazırdır. Ümid edirik ki, İran tezliklə ‘masaya oturacaq’ və bütün tərəflər üçün ədalətli və balanslı bir razılaşma əldə olunacaq”.
Tramp həmçinin İrana mümkün hücumun ağır nəticələrə səbəb olacağını qeyd edib:
“Nüvə silahı yoxdur. Vaxt sürətlə azalır və məsələ son dərəcə vacibdir. Daha əvvəl də İrana demişdim: razılaşma əldə edin! Onlar razılaşmadılar və nəticədə ‘Gecəyarısı Çəkic Əməliyyatı’ baş verdi ki, bu da İranda böyük dağıntılara səbəb oldu. Növbəti hücum daha ağır olacaq. Bunun bir daha təkrarlanmasına imkan verməyin, – deyə ABŞ lideri qətiyyətlə vurğulayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən isə təsdiqləyib ki, USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin zərbə qrupu “regional təhlükəsizlik və sabitliyi dəstəkləmək məqsədilə” Yaxın Şərqə yerləşdirilib.






