"İran, Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır" – Politoloq ŞƏRHİ
“Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri başlayıb. Bu görüş çox mühüm əhəmiyyət kəsb edir. O cümlədən, İran prezidenti özü ilə 120 nəfər, həmçinin bir neçə vilayətin rəhbərini də gətirib ki, ölkəmizlə iqtisadi, siyasi mənada bir çox müqavilələr bağlansın. Eyni zamanda, görüş çərçivəsində İran-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tədbirlər görüləcək”.
Bu sözləri Patrulaz.az-a açıqlama verən politoloq Elşad Həsənov bildirib. Onun sözlərinə görə, İran Məsud Pezeşkianın səfəri ərəfəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin cəzasının icrası ilə bağlı hazırlıq gördüyünü açıqlayıb. Bu, İranın Azərbaycanın artan beynəlxalq rolunu nəzərə alaraq, Bakı ilə münasibətləri normallaşdırmaq istədiyini göstərir:
“Məsud Pezeşkianın səfəri ərəfəsində artıq İran tərəfi bildirdi ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar haqqında hökmün yerinə yetirilməsi ilə bağlı hazırlıq görülür. Görünən odur ki, İran son dövrün siyasi konfiqurasiyasındakı dəyişiklikləri nəzərə alaraq, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, dünya siyasi arenasında da mühüm rol oynadığını nəzərə alaraq, ölkəmizlə münasibətləri normallaşdırmağa çalışır. Bu da Pezeşkianın Azərbaycan televiziyasına verdiyi müsahibəsində də öz əksini tapıb. O, qardaş ölkənin bir-biriylə münasibətlərinin yaxşı olması, gediş-gəlişin və köməkliklərin olması məsələlərini ortaya qoyur. Biz də həmişə istəmişik ki, İranla münasibətlərimiz yaxşı olsun və onlarla qonşuluğumuza həmişə sadiq qalmışıq. Ancaq təssüflər olsun ki, İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə, həmçinin də 44 günlük müharibədə də ölkəmizə qarşı İrəvana daima köməklik göstərdilər, onları silahlandırırdılar. Amma biz bunlara baхmayaraq, həmişə İranla münasibətlərimizin yaxşı olmasına çalışmışıq. Bu məsələyə Prezident İlham Əliyev də öz çıxışlarında toxunub”.

Politoloq E.Həsənov İran Prezidentinin müsahibə zamanı Zəngəzur dəhlizinin açılması ilə bağlı sualı yalnız özünəməxsus şəkildə cavablandırdığını qeyd edib. Pezeşkian, sadəcə olaraq, Azərbaycanın qərb rayonlarının Naxçıvana birləşməsi üçün İran ərazisində yolun hazır olduğunu bildirib, amma Zəngəzur dəhlizinin açılması məsələsinə birbaşa münasibət bildirməyib. Buna baxmayaraq, politoloq hesab edir ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq hüquq və üçtərəfli bəyannaməyə əsaslanaraq mütləq baş tutacaq:
“Hesab edirəm ki, Pezeşkian Zəngəzur dəhlizinin açılması bağlı çıxışı zamanı ona verilən birbaşa sualdan yan keçdi. O, sadəcə olaraq Azərbaycanın qərb rayonlarının Naxçıvana birləşməsi üçün İran ərazisindən yolun artıq hazır olacağını və azərbaycanlıların həmin bölgədən keçəcəklərini bildirdi. Yəni, bir sözlə, müsbət məna daşıyan bir fikir səsləndirsə də, Ermənistanın iştirakı ilə Zəngəzur dəhlizinin açılması məsələsinə öz münasibətini bildirmədi. Ancaq hesab edirəm ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Çünki Azərbaycanın dediyi məsələlər beynəlxalq hüquqa əsaslanır və Ermənistanın üçtərəfli bəyannamədə imzası var. Həmçinin də, onlar bu bəyyanəmələrin digər maddələrini gec də olsa yerinə yetirdilər. Düşünürəm ki, Pezeşkianın Azərbaycana sözügedən səfəri həm Bakı-Tehran münasibətlərinə, həm də Cənubi Qafqazdakı münasibətlərə öz təsirini göstərəcək”.
Gülbəniz Səfərova






