media-img_0330

“Orta dəhlizdə yerləşən Azərbaycan dövlətinin önəmini artıq bütün dövlətlər, xüsusilə regional dövlətlər anlayır. Düşünürəm ki, indiki halda İran İslam Respublikasının Prezidenti Məsud Pezaşkianın Azərbaycana səfəri mühüm əhəmiyyətə malikdir. Çünki bizim İrandakı səfirliyimizə hücumdan sonra bu iki ölkə arasında münasibətlər müəyyən qədər soyuqlaşmışdı. İran tərəfi son bir il ərzində bu münasibətləri normallaşdırmaq üçün müxtəlif formada danışıqlar aparıb”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Azərbaycan Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə deyib.

media-f01ccf20-a325-4b53-acdf-f0fe7937ca69

Onun sözlərinə görə, hazırda bu səfər çərçivəsində bir çox iqtisadi layihələr müzakirə oluna bilər:

“Bugünkü gündə Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. İran tərəfi anlayır ki, Orta dəhlizin açarı sayılan Azərbaycanla iqtisadi layihələr həyata keçirmək onun üçün qazanc mənbəyi olar. Təbii ki, bunların hansı layihələr olacağı indidən bəlli deyil. Amma bu barədə müzakirələrin olacağı gözlənilir. Ermənistanla kommunikasiyaların açılmaması səbəbiylə danışıqların aparılması üçün İran da öz ərazisini təklif etmişdi. Səfər çərçivəsində bu məsələ də müzakirə oluna bilər”.

“Həmçinin, İran Azərbaycanla mədəni, siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün danışıqlar aparacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərindən sonra bu proses daha da güclənib. Başqa dövlətlər də ölkəmizlə münasibətləri möhkəmləndirməkdə maraqlıdır. Bu baxımdan İran Prezidentinin 200 nəfərlik heyət ilə ölkəmizə səfər etməsi müxtəlif səviyyədə danışıqlara yönəlib”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər