“İran və Azərbaycan arasında tarixin heç bir dövründə olmadığı qədər uzlaşma əldə olunub” - DEPUTAT DANIŞDI
“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri və Bakıdakı səslənən bəyanatlar yalnız İran-Azərbaycan münasibətləri fonunda qiymətləndirilməməlidir. Bu, eyni zamanda İran və Azərbaycan arasında mümkün gərginliyə potensial fürsət kimi baxan qüvvələr üzərində cənab İlham Əliyevin növbəti qlobal miqyaslı qələbəsidir. Görünən odur ki, cənab İlham Əliyevin İrana münasibətdə uğurlu, zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasi gedişlər prosesləri Azərbaycanın lehinə çevirib.
Etiraf edək ki, ötən dövr ərzində İran tərəfində bəzən rəsmi şəxslərin də qoşulduğu anti-Azərbaycan ritorika yenidən canlanmışdı. Lakin Bakı növbəti dəfə kifayət qədər təmkinli davranaraq diqqəti ayrı-ayrı dairələrin ucuz bəyanatlarına yox, gələcək birgə əməkdaşlıq çərçivələrinə yönəltdi”.
Bu fikirləri Patrulaz.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda
Araz dəhlizi layihəsi ilə bağlı çıxışını şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çərçivəsində nümayiş etdirdiyi aydın mövqe də göstərdi ki, Bakı ötən dövr ərzində olduğu kimi, son bir ildə də kifayət qədər haqlı davranıb:
“Bu gün Bakının cənub qonşusuna münasibətdə mövqeyi kifayət qədər korrekt və beynəlxalq hüquqa uyğundur.
Üstəlik möhtərəm Prezidentin də ifadə etdiyi kimi, “Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq”.
Sevindirici haldır ki, İranın Prezidenti Məsud Pezeşkian da özünün rəsmi bəyanatında eyni mövqeni bölüşərək “bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz olduğunu, bununla fəxr etdiklərini, bunlara ürəkdən bağlı olduğunu və bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirməyə çalışacaqlarını” bildirdi.
Həqiqətən də, istər prezidentlərin birgə bəyanatlarına, istərsə də obyektiv və hətta subyektiv məqamlara diqqət etdikdə də aydın görünür ki, Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur və bu proses qarşısında prinsipial maneə yoxdur”.

Millət vəkili bildirib ki, dövlət başçımızın ifadə etdiyi kimi, “İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır”:
“Bundan başqa, cari səfər üçtərəfli əməkdaşlıq layihələrinin geniş müzakirəsinin davamına imkan verdi, xüsusən Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyindən Şimal-Cənub nəqliyyat dəhlizi üçün müstəsna imkanlar açılıb.
Habelə Prezidentlərin Bakı görüşü humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün mühüm mərhələ kimi görünməkdədir.
Bundan başqa, əlaqələrimizin regional nöqteyi-nəzərdən strateji önəmi var və Azərbaycan Prezidentinin də bu məsələdə mövqeyi kifayət qədər aydındır. Cənab İlham Əliyev məhz bu əməkdaşlığı regionun inkişafının formulu hesab edir və haqlı olaraq o qənaətdədir ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. “Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir””.
“İran Prezidentinin də məhz bizim birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyimizi və öz çətinliklərimizi həll edəcəyimizi, habelə biz regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımızın qarşılıqlı qaydada razılaşdırılmış olacağını deməsi İran-Azərbaycan münasibətləri konfiqurasiyasında ciddi perspektivlər vəd edir. Daha aydın formada desək, görünən odur ki, İran və Azərbaycan arasında tarixin heç bir dövründə olmadığı qədər uzlaşma əldə olunub”,- deyə deputat əlavə edib.
Ləman Sərraf






