media-inshot_20260209_150303672

İranda etiraz aksiyalarında iştirak edənlərin kütləvi həbsi davam edir.

Patrul.az İran mediasına əsasən xəbər verir ki, etiraz aksiyaları zamanı saxlanılan iranlı insan haqları fəalı və 2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi yeddi ildən çox müddətə azadlıqdan məhrum edilib.

Məlumata görə, hökm fevralın 7-də Məşhəd şəhər məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmənin qərarı ilə N. Məhəmmədi “toplanış və sui-qəsd” ittihamı ilə 6 il, “təhlükəsizliyə qarşı təbliğat” ittihamı ilə isə 1 il 6 ay həbs cəzasına məhkum olunub. Bundan başqa, onun 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Bununla yanaşı, Nobel laureatı Tehrandan təxminən 740 kilometr cənub-şərqdə yerləşən Xosf şəhərinə 2 il müddətinə daxili sürgün edilib.

Qeyd edək ki, N. Məhəmmədi ötən ilin dekabrında etiraz aksiyası zamanı saxlanılıb. O, fevralın 2-dən etibarən aclıq aksiyası keçirir.

Bundan başqa, insan haqları sahəsində fəaliyyəti ilə tanınan Nərgiz Məhəmmədi indiyədək 13 dəfə saxlanılıb və 5 dəfə müxtəlif müddətli həbs cəzasına məhkum edilib. O, 2022-ci ilin yanvarında isə “dövlətə qarşı təbliğat” və Səudiyyə Ərəbistanına casusluq ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər