İrandakı etirazlar Xamenei rejimini devirə bilərmi? - ŞƏRH
İranda dekabrın sonlarında yerli valyutanın kəskin devalvasiyası səbəbindən başlayan etiraz aksiyaları daha da şiddətlənib. Məlumatlara görə, indiyədək 40-a yaxın vətəndaşın həyatını itirdiyi etirazlara hicablı qadınlar və sahibkarlar da qoşulublar.
Təbriz və Urmiya şəhərlərində fəaliyyət göstərən sahibkarlar dükanlarını bağlayaraq aksiyalara dəstək veriblər. Etirazlar zamanı SEPAH qüvvələri ilə çoxsaylı toqquşmalar baş verib, müşahidə kameraları dağıdılıb, İran bayraqları endirilib. Həmçinin ölkənin milli futbol klubu tərəfindən dövlət himninin səsləndirilmədiyi bildirilir. (Azad İran)
Ölənlər arasında polis və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da olduğu barədə məlumatlar yayılıb. Ölkənin bütün 31 əyalətində keçirilən nümayişlər zamanı 4 təhlükəsizlik qüvvəsi əməkdaşının həlak olduğu qeyd olunur. Ümumilikdə 348 məkanda baş tutan aksiyalar zamanı onlarla insan yaralanıb, 2217 nəfər isə saxlanılıb. (HRANA)
Şirvan şəhərində isə etirazçılar “Xameneiyə ölüm!”, “Diktatora ölüm!” kimi sərt şüarlar səsləndirirlər.
Maraqlıdır ki, ölkədə baş verən etiraz aksiyalarının əsas səbəbi iqtisadi amillərlə bağlıdır. Lakin buna baxmayaraq, aksiyalar zamanı İranın Ali Dini Lideri Ayətullah Əli Xameneinin ünvanına da sərt şüarlar səsləndirilir.
Bəs ölkənin böyük hissəsini bürüyən bu etirazlar Xamenei rejimini devirmək gücünə çata bilərmi?
Bununla bağlı Patrul.az-a fikirlərini bölüşən politoloq Sədrəddin Soltan bildirib ki, İranda mühafizəkar təbəqənin, yəni polis, təhlükəsizlik və hərbi qüvvələrin Xamenei hakimiyyətini qoruması rejimin devrilməsinə imkan verməyən əsas faktorlardandır:
“İranda etiraz aksiyaları hələ də davam edir və hesab edirəm ki, bu aksiyalar günü-gündən güclənir. Lakin rejimin dəyişdirilməsi üçün həlledici amillər ortada yoxdur. Rejimin əsas dayağı olan İran İnqilab Keşikçiləri Qvardiyası, yəni SEPAH hələ də güc strukturu kimi mövcuddur. Onun sosial bazası – bəsic, habelə polis, ordu, təhlükəsizlik qurumlarından və parlamentdən istefa verən yoxdur. Bu strukturlar aksiyaları dəstəkləmək istiqamətində hər hansı mövqe sərgiləmir. Buna görə də hazırkı mərhələdə rejimi dəyişəcək faktorların mövcud olduğunu demək çətindir. Etirazlar davam edir və müəyyən dəyişiklik ehtimalı var, lakin rejim hələ də aksiyaları yatırmaq və ölkəyə nəzarəti saxlamaq gücünə malikdir. Hazırda İranın 31 əyalətindən 22-də etirazlar keçirilir ki, bu da aksiyaların ölkənin böyük hissəsini əhatə etdiyini göstərir”.

Politoloqun sözlərinə görə, etiraz aksiyalarının coğrafiyasının daha da genişlənməsi ehtimalı var:
“Yaxın günlərdə etirazların coğrafiyasının genişlənəcəyi istisna edilmir. Lakin bütün hallarda Xamenei rejimini dəyişəcək əsas faktor olan güc strukturlarında parçalanmanın olmaması bu ehtimalı azaldır”.
Sosial şəbəkədə etirazların qarşısının alına bilməyəcəyi təqdirdə Xameneinin Suriyanın sabiq prezidenti Bəşər Əsəd kimi ölkəni tərk edərək Rusiyaya qaçacağı ilə bağlı iddialar da yayılıb. Sədrəddin Soltan bu məlumatlara münasibət bildirərək onların şayiə və dezinformasiya xarakteri daşıdığını vurğulayıb:
“Xameneinin hansısa ölkəyə qaçacağı ilə bağlı yayılan xəbərlər dezinformasiyadır. Ali dini lider başqa ölkəyə qaçacaq bir fiqur deyil və bu ehtimal olduqca zəifdir”.
Qeyd edək ki, İranda baş verən etiraz aksiyalarına ABŞ hökuməti də dəstək verdiyini açıqlayıb.
Gülbəniz Səfərova






