İranlı ekspert: “Ermənistan Qərbin təzyiqi ilə Zəngəzur dəhlizinin açılmasına razılaşa bilər”
Ermənistan Qərbin siyasi və iqtisadi təzyiqləri nəticəsində Zəngəzur dəhlizinin açılmasına və bu zaman İranın maraqlarının nəzərə alınmadığı bir modelə razılıq verə bilər.
Patrulaz.az xəbər verir ki, bu barədə Türkiyə məsələləri üzrə iranlı ekspert Seyid Əli Qaem Məqami “Tabnak” saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ bu dəhlizi 100 illik icarə ilə özəl şirkətə verməyi təklif etməklə, Cənubi Qafqazda uzunmüddətli strateji mövcudluq yaratmaq və regionda İran, Rusiya və Çin kimi güclərin təsirini zəiflətmək niyyətindədir.
Qaem Məqami qeyd edib ki, Ermənistanın suverenliyi çərçivəsində, İran-Ermənistan sərhədinə xələl gətirməyən və eyni zamanda İranın tranzit rolunu qoruyan model üzərində müzakirələr aparıla bilər.
Ekspert həmçinin vurğulayıb ki, əgər Ermənistan İranın maraqlarını nəzərə almayan formulu qəbul edərsə, Tehran buna sərt şəkildə reaksiya verəcək və həm diplomatik, həm də praktik səviyyədə çəkindirici addımlar atacaq.
Gülbəniz Səfərova






