media-isaati

Azərbaycanda iş saatlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib.

Maraqlıdır, işə başlama saatlarının fərqləndirilməsi doğrudanmı şəhərdə nəqliyyat yüklənməsini azalda bilər? Bu dəyişiklik daha çox hansı sahələrdə effektiv nəticə verəcək?

Patrul.az mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin fikirlərini öyrənib.

İqtisadçı qeyd edib ki, iş saatlarının mərhələli şəkildə təşkil edilməsi dünya təcrübəsində nəqliyyat yüklənməsinin azaldılması üçün istifadə olunan ən effektiv idarəetmə alətlərindən biri hesab olunur:

“Əsas məqsəd insanların eyni vaxtda hərəkət etməsinin qarşısını almaq və pik saatlarda yaranan süni sıxlığı bölüşdürməkdir.

Adətən nəqliyyat sıxlığından danışarkən diqqət daha çox səhər saatlarına yönəlir. Lakin müşahidələr göstərir ki, Bakıda ən ciddi yüklənmə təkcə səhər 08:00-10:00 aralığında deyil, həm də axşam saat 18:00-20:00 arasında baş verir. Başqa sözlə, problem insanların eyni vaxtda işə getməsi qədər, eyni vaxtda işdən çıxması ilə də bağlıdır”.

Həmsöhbətimiz belə düşünür ki, hazırda şəhərdə tıxacların əsas səbəblərindən biri iş gününün böyük əksəriyyət üçün eyni saatlarda başlaması və bitməsidir:

“Dövlət qurumlarının, bankların, özəl şirkətlərin, təhsil müəssisələrinin və digər təşkilatların əksəriyyəti fəaliyyətə təxminən eyni vaxtda başlayır və eyni vaxtda başa vurur. Nəticədə səhər və axşam saatlarında şəhərin əsas nəqliyyat arteriyalarında ciddi yüklənmə yaranır. Əgər müəyyən sektorlar üzrə iş saatları fərqləndirilsə, bu yükün gün ərzində daha balanslı paylanması mümkün ola bilər. Məsələn, bəzi qurumlar işə saat 08:00-da başlayıb 17:00-da, digərləri isə 09:00-da başlayıb 18:00-da və ya 10:00-da başlayıb 19:00-da işi yekunlaşdıra bilər. Bu zaman həm səhər, həm də axşam pik saatlarında yollara çıxan insanların sayı azalacaq”.

media-img-20260617-wa0017

E.Quliyev praktik nümunə olaraq nəzərə çatdırıb ki, hazırda 50 min nəfər saat 18:00-da şəhər mərkəzindən eyni vaxtda evlərinə qayıdır:

“Əgər onların bir hissəsi işdən saat 17:00-da, digər hissəsi isə saat 19:00-da çıxarsa, həmin yük bir saatlıq zaman kəsiyində deyil, üç saatlıq intervalda paylanmış olar. Bu isə yollardakı sıxlığın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola bilər. Hesab edirəm ki, bu model xüsusilə dövlət qurumları, bank sektoru, iri korporativ şirkətlər, ali təhsil müəssisələri və inzibati ofislər üçün daha effektiv ola bilər. Çünki məhz bu sahələrdə hər gün minlərlə insan eyni marşrutlardan və eyni nəqliyyat vasitələrindən istifadə edir. Məsələn, səhər saatlarında “20 Yanvar”, “Koroğlu”, “Nəriman Nərimanov”, “İnşaatçılar” və digər iri nəqliyyat qovşaqlarında müşahidə olunan sıxlıq, axşam saatlarında isə şəhər mərkəzindən çıxış istiqamətlərində yaranan tıxaclar müəyyən qədər azala bilər. Eyni yanaşma metro və avtobuslarda sərnişin sıxlığının da aşağı düşməsinə kömək edər. Bu zaman:

Avtobusların doluluq səviyyəsi azalır;

Yollarda orta hərəkət sürəti yüksəlir;

İşçilərin yolda keçirdiyi vaxt qısalır;

Yanacaq sərfiyyatı və karbon emissiyası azalır.

Beynəlxalq araşdırmalar göstərir ki, elastik iş qrafikləri tətbiq olunan proqramlarda pik saatlarda avtomobil axını 5-10%, ictimai nəqliyyatın yüklənməsi isə 10-20% azala bilir. Beynəlxalq təcrübəyə baxdıqda da oxşar yanaşmaların tətbiq olunduğunu görürük. Sinqapur, London, Toronto, Dubay və digər böyük şəhərlərdə elastik iş qrafikləri, hibrid iş modeli və fərqli işə başlama saatları uzun müddətdir nəqliyyat idarəetmə alətlərindən biri kimi istifadə olunur. Məqsəd yeni yollar çəkməkdən daha çox mövcud infrastrukturun səmərəli istifadəsini təmin etməkdir. Eyni zamanda düşünürəm ki, iş saatlarının fərqləndirilməsi təkbaşına bütün nəqliyyat problemini həll etməyəcək. Bu addım ictimai nəqliyyatın inkişafı, park-et-davam et (Park&Ride) sistemləri, məsafədən iş imkanlarının genişləndirilməsi və ağıllı nəqliyyat həlləri ilə paralel tətbiq olunarsa, nəticə daha effektiv olar”.

Müsahibimiz hesab edir ki, iş saatlarının diferensiallaşdırılması Bakı üçün nəzərdən keçirilə biləcək real və praktik həll yollarından biridir:

“Bu yanaşma böyük maliyyə xərcləri tələb etmədən həm səhər, həm də axşam pik saatlarında nəqliyyat yükünü azaltmağa, insanların yolda keçirdiyi vaxtı qısaltmağa və şəhərin ümumi hərəkət rahatlığını artırmağa kömək edə bilər. Ən vacibi isə odur ki, söhbət yeni infrastruktur yaratmaqdan deyil, mövcud imkanlardan daha səmərəli istifadə etməkdən gedir”.

Ləman Sərraf


Bənzər xəbərlər