Borca görə avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanıldı - VİDEO
Şəmkir rayonunun Qədimqala kənd sakini Qurbanov Sənan Zakir oğlu başına gələn hadisə ilə bağlı Patrul.az redaksiyasına müraciət edərək aidiyyəti qurumlardan kömək istəyib.
Onun sözlərinə görə, həmkəndlisi Əlizadə Ömər Azər oğlunun ona 1000 manat borcu olub. Şikayətçi bildirir ki, borcun qaytarılması ilə bağlı tərəflər arasında yaranan narazılıqdan sonra xoşagəlməz hadisə baş verib.
İddiaya əsasən, gecə saat 03:00 radələrində Əlizadə Ömər Azər oğlu Sənan Qurbanovun yaşadığı ünvana gələrək həyətə daxil olub və həyətdə saxlanılan avtomobili yandırıb. Nəticədə nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Məsələ ilə bağlı Patrul.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd olunub ki, faktla bağlı araşdırmalar davam etdirilir və qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin olunacaq.






