İşə gecikməyə görə maaşdan pul tutulur? - AÇIQLAMA
Son dövrlərdə iş yerlərində əmək münasibətlərinin tənzimlənməsi və işçilərin vəzifə öhdəliklərinə riayət etməsi mövzusu daha da aktuallaşıb. Xüsusilə işə gecikmə, iş vaxtından səmərəsiz istifadə və digər intizam pozuntuları işçi və işəgötürən arasında hüquqi münaqişələrə səbəb ola bilər.
Bəs, işə gecikmə və ya iş vaxtından səmərəsiz istifadə hallarında əməkhaqqından tutulma tətbiq etmək mümkündürmü, yoxsa bu yalnız məhkəmə və ya rəsmi intizam proseduru çərçivəsində həyata keçirilə bilər?
Bu barədə,iqtisadçı ekspert, vəkil, bank sektoru sahəsində hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, işə gecikmə səbəbindən əmək haqqından tutulma yalnız kollektiv müqavilədə nəzərdə tutulmuş halda mümkündü:
“İşə gecikmə ilə bağlı əmək haqqından tutulma yalnız o halda mümkündür ki, bu məsələ işəgötürənlə işçilər arasında bağlanmış kollektiv müqavilədə nəzərdə tutulmuş olsun. Yəni bu, təkcə konkret işçi ilə bağlanmış əmək müqaviləsində deyil, məhz kollektiv müqavilədə əksini tapmalıdır. Bu, çox vacib məqamdır.Azərbaycan Respublikasının Əmək Məcəlləsində kollektiv müqavilə anlayışı mövcuddur. Kollektiv müqaviləni işəgötürən ya müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatı ilə, ya da həmkarlar ittifaqı yoxdursa, işçi kollektivi ilə bağlayır. Kollektiv müqavilə bütün işçilərə şamil olunur və orada əmək haqqından tutulma halları konkret şəkildə nəzərdə tutula bilər”.

Ekspert qeyd edir ki, kollektiv müqavilədə şərt yoxdursa, əmək haqqından tutulma mümkün deyil, amma gecikməyə görə xəbərdarlıq və töhmət kimi intizam tədbirləri tətbiq oluna bilər:
“Əgər belə bir şərt kollektiv müqavilədə yoxdursa, işəgötürən əmək haqqından tutulma edə bilməz. Lakin gecikməyə görə digər intizam tədbirləri tətbiq oluna bilər. Məsələn, xəbərdarlıq, töhmət və ya gecikmələr mütəmadi xarakter alarsa, daha ciddi intizam tədbirləri görülə bilər”.
Cəmilə Cəfərzadə






