media-inshot_20260325_142615698

İsrailin paytaxtı Tel-Əviv şəhəri üzərində qarğaların kütləvi şəkildə görünməsi həm sosial mediada, həm də dini dairələrdə geniş müzakirələrə yol açıb.

Patrul.az xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində çəkilən görüntülərdə qarğa sürülərinin səmanı bürüdüyü və müəyyən ərazilərdə sıx şəkildə toplandığı əks olunub. Bu qeyri-adi mənzərə qısa müddətdə minlərlə paylaşım toplayaraq maraq doğurub.

Bölgədə davam edən hərbi və siyasi gərginlik fonunda bir çox sosial media istifadəçisi bu hadisəni dini motivlərlə əlaqələndirib. Xüsusilə “Bibliya”nın “Vəhy” bölməsində müharibə, dağıntı və böyük fəlakətlərdən sonra leşyeyən quşların toplanacağı ilə bağlı təsvirlər bu müzakirələri daha da alovlandırıb. Bəzi istifadəçilər bu kütləvi toplanmanı yaxınlaşan böyük fəlakətin “xəbərçisi” və ya “pis əlamət” kimi qiymətləndiriblər.

Mistik yanaşmaların əksinə, ornitoloqlar və təbiətşünaslar hadisənin tamamilə elmi izahı olduğunu bildirirlər. Mütəxəssislərin rəyinə görə, qarğaların belə sürü halında hərəkət etməsi aşağıdakı amillərlə bağlı ola bilər:

Mövsümi dəyişikliklər -Quşların köç və ya yuva qurma dövrləri ilə bağlı yerdəyişmələri.

Qida mənbələri – Şəhər mühitində qida resurslarının müəyyən nöqtələrdə artması.

Hava şəraiti – Atmosfer təzyiqi və ya külək istiqamətinin quşların uçuş trayektoriyasına təsiri.

Mütəxəssislər vurğulayırlar ki, bu cür təbiət hadisələri fövqəladə hal hesab edilməməlidir və dövri olaraq dünyanın müxtəlif yerlərində müşahidə olunur.


Bənzər xəbərlər