İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti sahildən tapıldı - Onun şəxsiyyətini qızı dəqiqləşdirdi
Türkiyənin İstanbul şəhərində Kadıköy-Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində yoxa çıxan 44 yaşlı Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti sahildən tapılıb.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, mayın 2-si, şənbə günü saat 22:00 radələrində baş verən hadisə ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, Məxfurə Hüseynova saat 20:20-də Kadıköy limanında turniketi keçərək “Kırçıloğlu 4” adlı sərnişin gəmisinə minib.
Lakin bərə Beşiktaş sahilinə çatdıqda qadının göyərtədə olmadığı, yalnız ona məxsus qara rəngli çantanın oturacaqda qaldığı müəyyən edilib.
Təhlükəsizlik kameralarının yoxlanılması nəticəsində sərnişinin Beşiktaşda bərədən enmədiyi təsdiqlənib.
İstanbul Dəniz Limanı Şöbə Müdirliyi, Sahil Təhlükəsizliyi və Sahil Mühafizə Xidmətinin qayıqları tərəfindən dənizdə həyata keçirilən genişmiqyaslı axtarışlar nəticəsində qadının cansız bədəni Haydarpaşa sahilləri yaxınlığında, açıq dənizdə aşkar olunaraq sudan çıxarılıb.
Mərhumun şəxsiyyəti qızı Nigar Yusifli tərəfindən kamera görüntüləri vasitəsilə dəqiqləşdirilib.
Meyit ölüm səbəbinin tam müəyyən edilməsi üçün İstanbul Tibbi Ekspertiza Qurumuna (Adli Tıp Kurumu) göndərilib.
Hazırda Türkiyə hüquq-mühafizə orqanları hadisənin bədbəxt hadisə, yoxsa intihar olması ehtimalını araşdırır.
Gülbəniz Səfərova







