"İtaliya Azərbaycanın ərazi bütövlüyünə daim hörmətlə yanaşıb" - DEPUTAT
30 sentyabrda İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri həyata keçirilib. Səfər çərçivəsində Prezident İlham Əliyev və İtaliya Prezidenti arasında siyasi, iqtisadi, enerji, təhsil və mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə olunub. Hər iki dövlət başçısı, həmçinin paytaxtda İtaliya-Azərbaycan Universitetinin açılış mərasimində iştirak ediblər.
Hər iki ölkənin mövcud münasibətləri barədə Patrulaz.az-a öz fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, dövlətlər arasında ilk növbədə iqtisadi əlaqələr diqqət çəkir.
Deputatın sözlərinə görə, İtaliya Azərbaycanın iri ticarət tərəfdaşlarından biridir. Siyasi münasibətlər yüksək səviyyədədir, mədəni və təhsil sahəsində isə Mədəniyyət Mərkəzləri və tədbirlər fəaliyyət göstərir:
“Azərbaycan–İtaliya münasibətləri son illərdə həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə uğurla inkişaf edir və bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsində xarakterizə etmək olar.
İlk növbədə iqtisadi əlaqələr diqqəti cəlb edir. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Azərbaycanın Avropaya enerji ixracında İtaliya xüsusi rol oynayır. TAP (Trans-Adriatik Qaz Kəməri) layihəsi məhz İtaliyaya çıxışla başa çatır və bu, Avropanın enerji təhlükəsizliyi üçün mühüm addım hesab olunur. Azərbaycanın xam nefti də əsasən İtaliya bazarına gedir. Bunun nəticəsində iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla avro ilə ölçülür.
Siyasi müstəvidə də münasibətlər yüksək səviyyədədir. Dövlət başçıları arasında qarşılıqlı səfərlər, imzalanmış sənədlər və strateji tərəfdaşlıq bəyannamələri əməkdaşlığın möhkəm əsaslarını göstərir. Azərbaycan–İtaliya münasibətləri Avropa İttifaqı ilə əlaqələrin də inkişafına müsbət təsir edir.
Mədəniyyət və təhsil sahəsində də uğurlar var. İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzləri fəaliyyət göstərir, incəsənət sərgiləri, musiqi tədbirləri təşkil olunur. Azərbaycanın mədəni irsinin İtaliyada tanıdılması və eyni zamanda italyan mədəniyyətinin Azərbaycanda təşviqi xalqlar arasında yaxınlığı artırır”.

A.Hüseynov bildirib ki, hər iki ölkənin münasibətlərində ən önəmli məqam İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir:
“Ən önəmli məqamlardan biri də odur ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Qarabağ müharibəsindən sonra da İtaliyanın şirkətləri azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərində iştirak edir. Bu, münasibətlərə yeni praktik məzmun gətirir.
Ümumilikdə, Azərbaycan–İtaliya əlaqələri təkcə enerji və iqtisadiyyatla məhdudlaşmır. Bu münasibətlər həm siyasi dialoq, həm mədəni inteqrasiya, həm də gələcək perspektivlər baxımından nümunəvi xarakter daşıyır. İtaliya Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlarından biri olaraq qalır”.
Cəmilə Cəfərzadə






