Kartla ödəniş edən sərnişinlər narazıdır - bəzi taksi sürücüləri sistemi sui-istifadə edir - FOTO
Patrulaz.az xəbər verir ki, son zamanlar taksi xidmətlərindən istifadə edən vətəndaşlar arasında eyni məzmunlu şikayətlər artmaqdadır. Müştərilərin sözlərinə görə, kartla ödəniş seçdikləri hallarda bəzi sürücülər sifarişi qəbul etdikdən sonra onlara zəng edərək “gediş mənə sərf etmir, gedişi ləğv edin” kimi tələb irəli sürürlər.
Sərnişinlər isə bu tələbi qəbul etmədikdə, sürücülər ünvana çatmadan, hətta çox uzaq məsafədə olduqları halda sistemdə “çatdım” düyməsini sıxaraq gedişi qeyri-qanuni şəkildə aktivləşdirirlər. Nəticədə müştərilər ya sifarişi özləri ləğv etməyə məcbur qalır, ya da kartdan müəyyən məbləğ silinir. Bu isə həm maddi itki, həm də vaxt itkisinə səbəb olur.
Vətəndaşlar bildirirlər ki, bu cür hallarla demək olar ki, gündəlik rastlaşmaq mümkündür. Əsasən, ödənişi kartla edən müştərilər bu problemlə qarşılaşır. Onların fikrincə, sürücülər nəzarətsizliyin yaratdığı boşluqdan istifadə edərək həm sistemə, həm də müştərilərə qarşı etibarsız davranış sərgiləyirlər.
Mütəxəssislər hesab edirlər ki, belə halların qarşısını almaq üçün taksi platformaları və əlaqədar qurumlar nəzarət mexanizmlərini gücləndirməli, sürücülərin məsuliyyətini artırmalı və kartla ödəniş sisteminin şəffaf işləməsini təmin etməlidirlər.
Sərnişinlər aidiyyəti qurumlardan və taksi şirkətlərindən bu kimi hallar üzrə tədbir görülməsini və müvafiq cəzalandırma mexanizmlərinin tətbiqini tələb edirlər.







