media-inshot_20251204_180859437

Son vaxtlar kirayə mənzillərində gizli kameraların aşkarlanması məsələsi cəmiyyət arasında narahatlıq doğurur. Belə hallar şəxsi həyatın toxunulmazlığını pozur və hüquqi baxımdan ciddi məsuliyyət yarada bilər.

Bəs kirayə tutulan mənzildə gizli kamera aşkar edildikdə kirayəçi hansı hüquqi addımları ata bilər?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, gizli kamera quraşdırmaq Azərbaycan qanunvericiliyinə görə həm cinayət, həm də mülki məsuliyyət yaradır:

“Kirayə verilən mənzildə gizli kamera və ya digər gizli izləmə cihazının quraşdırılması Azərbaycan qanunvericiliyinə görə ciddi hüquqi pozuntudur və həm cinayət, həm də mülki-hüquqi məsuliyyət yaradır. Bu, şəxsi həyatın toxunulmazlığı hüququnun kobud şəkildə pozulması hesab edilir.Hansı hüquqi məsuliyyət yaranır?

1. Cinayət məsuliyyəti

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

156-cı maddəsi – Şəxsi həyatın toxunulmazlığı pozma gizli kamera quraşdıran şəxs cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və hətta azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

2. Mülki məsuliyyət

Kirayəçi şəxsi həyatının pozulmasına görə mənəvi zərərin ödənilməsini tələb edə bilər”.

media-img-20251204-wa0029

Hüquqşünas vurğulayır ki, kirayəçi gizli kamera aşkar etdikdə dərhal polisə müraciət etməli, sübutları toplamalı və hüquqlarını müdafiə etməlidir:

“Kirayəçi hansı addımları atmalıdır?

1. Sübutları toplamaq

Kamera və ya cihazın şəklini, yerini çəkməlidir.

Əgər mümkündürsə, cihazı çıxarmadan hüquq-mühafizə orqanlarına təqdim etmək üçün olduğu kimi saxlamalıdır.

2. Dərhal polisə müraciət etmək

102-yə zəng edin və ya yaxınlıqdakı polis idarəsinə gedərək rəsmi ərizə verməlidir. Polis hadisə yerinə baxış keçirəcək, cihazın kim tərəfindən quraşdırıldığını müəyyən etməyə çalışacaq.

3. Ev sahibini məlumatlandırmaq (yalnız təhlükəsizlik baxımından münasibdirsə)

Ev sahibinin özünün quraşdırdığı ehtimalı varsa, bu barədə danışmadan birbaşa polisə müraciət etmək daha doğrudur.

4. Müqaviləni birtərəfli qaydada xitam etmək

Gizli kamera faktı kirayəçinin hüquqlarını kobud pozduğu üçün müqavilə xitam edilə bilər.

5. Mənəvi zərər və maddi kompensasiya tələb etmək

Məhkəmədə iddia qaldırmaqla mənəvi zərərin ödənilməsi və ödədiyi kirayə məbləğinin geri qaytarılması tələb edilə bilər.

Kirayə mənzilində gizli kameranın aşkarlanması ağır hüquqi məsuliyyət doğuran haldır. Kirayəçi bu vəziyyətdə dərhal polisə müraciət etməli, sübutları toplamalı və hüquqlarının müdafiəsi üçün həm cinayət, həm də mülki qaydada tədbirlər görməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər