Kopenhagendə Azərbaycan və Ermənistan liderləri sülh gündəliyini müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində görüşüblər.
Patrulaz.az xəbər verir ki, tərəflər görüş zamanı Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Görüşdə regionda nəqliyyat kommunikasiyalarının əhəmiyyəti önə çəkilib, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı görülən işlər, eləcə də Ermənistan ərazisində həyata keçiriləcək TRIPP layihəsi müzakirə olunub. Bununla yanaşı, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğvi barədə yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.
Görüş zamanı etimad quruculuğu tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı təmasların sürdürülməsi barədə razılıq əldə olunub.






