media-inshot_20251203_193040722

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropa klublarının diqqətini cəlb edib. 25 yaşlı polşalı futbolçunun Çempionlar Liqasındakı performansından sonra “Borussiya”(Dortmund) və “Benfika” ilə yanaşı, “Napoli” də maraqlanmağa başlayıb.

Ağdam klubu Juninyodan sonra Koxalskini də itirə bilərmi?

Patrul.az mövzu ilə əlaqədar futbol mütəxəssisi Etibar İbrahimovun fikirlərini öyrənib.

Mütəxəssis xatırladıb ki, yalnız Juninyo deyil, ondan əvvəl də “Qarabağ”dan önəmli futbolçular ayrılmışdı:

“Məsələn, Kadi kimi oyunçular yaxşı məbləğ qarşılığında transfer olunmuşdu, sonra isə geri döndü. Bu ümumilikdə müsbət haldır, çünki uzun illərdir Azərbaycan Premyer Liqasına keyfiyyətli futbolçuların cəlb olunması çətin idi. Klublar da dəfələrlə bildirib ki, büdcə imkanları olsa da, liqanın səviyyəsinin aşağı hesab edilməsi səbəbindən yaxşı oyunçular gəlmək istəmirdi”.

media-img-20251203-wa0078

E. İbrahimov bugünkü gündə vəziyyətin dəyişdiyini bildirib:

“”Qarabağ”ın bu prosesdə rolu çox böyükdür. Artıq agentlər, menecerlər keyfiyyətli oyunçuları özləri Ağdam klubuna təklif edirlər. Çünki futbolun bir tərəfi də marketinqdir. Çempionlar Liqası isə bu baxımdan böyük bir vitrindir. Futbolçular dünya və Avropa çempionatlarında necə özlərini göstərirlərsə, Çempionlar Liqasında da eləcə”.

Müsahibimiz “Köhlən atlar”ın bu ilki Çempionlar Liqasında əla çıxış etdiyini vurğulayıb:

“Oyunçular da performans baxımından yüksək səviyyədədirlər. Hətta 100 milyonluq oyunçularla müqayisədə heç də geri qalmırlar. Bu, həm təmsilçimizin, həm də ümumilikdə Premyer Liqamızın inkişafından xəbər verir.

İndi daha çox futbolçu Azərbaycan çempionatında oynamaq istəyir. Bu da sevindiricidir. Amma Koxalskinin gedişi “Qarabağ” üçün ciddi itki ola bilər. Bildiyiniz kimi, qapıçı komandada xüsusi önəmə malikdir və uzun müddət Ağdam klubu bu mövqedə problemlər yaşayıb. İndi isə Koxalski ilə bu boşluq dolub. Əgər o getsə, yerini doldurmaq çətin olacaq”.

“”Qarabağ”ın yeni etibarlı qapıçı tapmaq ehtimalı da mümkünsüz deyil. Üstəlik, Qarabağın transfer strategiyası artıq o həddə çatıb ki, sponsor olmasa belə özünü ayaqda tuta bilir. Bu da Azərbaycan futbolunda bir ilkdir.

Mateuş Koxalski həm keyfiyyətli oyun sərgiləyir, həm də gəncdir (25 yaşı var). İmkan baxımından yüksək səviyyəli bir klub onu transfer etsə, uzunmüddətli müqavilə imzalaya bilər.

Yenə də hesab edirəm ki, əgər o getsə, bu, “Köhlən atlar” üçün ciddi itki olar. Amma düşünürəm ki, bu yaxın zamanda, yəni yanvar transfer pəncərəsində baş verməz”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər