Küçədə aqressiv davranış edənlər 50-100 manat cərimələnə bilər-Hüquqşünas
Bəzən küçədə heç bir səbəb olmadan tanımadığımız şəxslərin qışqırması və ya təhqiredici ifadələr işlətməsi ilə qarşılaşırıq. Belə davranışlar təkcə narahatlıq yaratmır, həm də hüquqi baxımdan müəyyən nəticələr doğura bilər. Bəs küçədə tanımadığınız bir şəxs sizə qışqırarsa və ya təhqiredici şəkildə yüksək səslə danışarsa, bununla bağlı şikayət etmək mümkündürmü və belə hərəkətə görə qanunvericilikdə hansı hüquqi məsuliyyət nəzərdə tutulur?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, ictimai yerdə təhqiramiz və aqressiv davranışlar müəyyən hallarda xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb ola bilər:
“İctimai yerlərdə vətəndaşlar bəzən tanımadıqları şəxslərin aqressiv davranışları ilə qarşılaşırlar. Qışqırmaq, nalayiq ifadələr işlətmək, sataşmaq və ya açıq şəkildə hörmətsizlik nümayiş etdirmək kimi hallar gündəlik həyatda rast gəlinir.Bu cür davranışların hüquqi nəticəsi isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi (xırda xuliqanlıq) ilə tənzimlənir. İXM-in 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlər nəzərdə tutulur”.
Küçədə qışqırmaq və təhqir etmək bu maddəyə düşə bilərmi?

N.Əliyev qeyd edir ki,belə əməllər qanunvericiliyə əsasən 50–100 manat cərimə və ya 15 günədək inzibati həbslə cəzalandırıla bilər:
“Bəli, müəyyən hallarda düşə bilər. Əgər şəxs küçədə və ya ictimai yerdə nalayiq sözlər işlədirsə, qəsdən yüksək səslə qalmaqal yaradırsa, ətrafdakı insanlara hörmətsiz davranırsa, ictimai asayişi pozacaq şəkildə aqressiv davranırsa, bu hərəkətlər xırda xuliqanlıq tərkibi yarada bilər. Lakin hər bir vəziyyət avtomatik olaraq hüquq pozuntusu sayılmır. Davranışın intensivliyi, məqsədi, ictimai mühitə təsiri nəzərə alınaraq hüquqi qiymət verilir. Təhqir ictimai yerdə baş verirsə, nalayiq ifadələrlə müşayiət olunursa, ictimai qaydanın pozulmasına səbəb olursa bu halda həmin davranış İXM-in 510.1-ci maddəsi ilə inzibati xəta kimi qiymətləndirilə bilər. İXM-in 510.1-ci maddəsinə əsasən 50 manatdan 100 manatadək cərimə, və ya işin hallarına və şəxsin vəziyyətinə görə 15 günədək inzibati həbs tətbiq edilə bilər. Əgər siz küçədə təhqir və ya qışqırıqla qarşılaşırsınızsa, münaqişəni böyütməməyə çalışın, çünki fiziki qarşıdurma riskini artırır, sübutları qoruyun, belə ki, video çəkiliş şahidlər, təhlükəsizlik kameraları sonradan hüquqi qiymətləndirmə üçün vacibdir və dərhal polisə müraciət edin”.
Cəmilə Cəfərzadə






