Külək güclənir, dolu və sel gözlənilir - Xəbərdarlıq
Azərbaycanda küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Patrul.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında, aprelin 18-20-də isə ölkənin bəzi bölgələrində güclü külək gözlənilir.
Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Bir sıra rayonlarda – Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın və Zəngilanda isə qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik və Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bundan əlavə, aprelin 19-da dağlıq və dağətəyi rayonlarda, 20-dən 21-i gündüzədək isə bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir.






