media-1777912668_ir6uaguk0njugtgiabnjhc9v66inx5uwwdj61f7i_1200

Sabirabad rayonunun Poladtuğay kəndində Kür çayının daşması nəticəsində meşə ilə yanaşı, əkin sahələri və nar bağları su altında qalıb.

Patrul.az “Report.az”a istinadən xəbər verir ki, çay öz məcrasından çıxaraq kənd ərazisində yerləşən Tuğay meşələrinə, eləcə də əkin və bağ sahələrinə yayılıb.

Kənd sakinləri bildiriblər ki, xüsusilə yonca sahələri və nar bağları ciddi zərər görüb. Ərazilərdə suyun səviyyəsi bəzi yerlərdə 2-3 metrə qədər yüksəlib. Ötən ilin payız mövsümündə 11 hektar sahədə əkilmiş palıd tinglərinin də su altında qalaraq məhv olduğu qeyd olunur.

Subasma təhlükəsini nəzərə alan bəzi sakinlər məhsulu itirməmək üçün qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Belə ki, yonca sahələrində biçin işlərinə start verilib, yığılan məhsul texnikanın köməyi ilə daha təhlükəsiz ərazilərə daşınır.

Məsələ ilə bağlı Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, ərazidə vəziyyət nəzarət altındadır. Qeyd olunub ki, kəndin 2162 nəfər əhalisi var və aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, monitorinqlər davam etdirilir.

Rəsmi məlumatda həmçinin vurğulanıb ki, mövcud mühafizə bəndlərinin hündürlüyü su səviyyəsindən təxminən 4 metr yüksəkdir. Bu səbəbdən hazırda yaşayış məntəqəsi üçün ciddi təhlükə yoxdur.

media-1777912668_ir6uaguk0njugtgiabnjhc9v66inx5uwwdj61f7i_1200 media-1777912712_wugvgsejasx7txmo7dnaflxikeivqpeztieuwqk1_1200 media-1777912725_e4zjmcxhshoibjcddmkbrod5ort0jvssnmxv1o55_1200 media-1777912720_klcaogwl6x34ljvzanhvi8k1rslkvtqt6gokokaj_1200 media-1777912691_b5api3suqqqi6km8vymcfl6bx8nxjtlyex1zby2r_1200 media-1777912711_psaizsg9uqi0inya94fr2xozc3vbchgbgo4dcbrv_1200 media-1777912662_6uhz1u0uhbvubdx21xiv6mmxe6fmzky9of3rujeo_1200 media-1777912525_img_20260504_203330_465


Bənzər xəbərlər