Latviya Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfəri çərçivəsində Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
Patrul.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Latviya Prezidenti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub, məzarların önünə gül dəstələri qoyulub.
Səfər çərçivəsində Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını da ziyarət edib. Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Latviya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımız üçün əhəmiyyəti və paytaxtda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.







