Lerikdə 5 kənd sakinlərinin istifadə etməkdə çətinlik çəkdiyi Viləş körpüsü ilə bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Lerik rayonunun Nücü kəndində yerləşən, yerli sakinlərinin öz vəsaitləri hesabına inşa edilən Viləş körpüsü qəzalı vəziyyətdədir.
Patrul.az köhnəlmiş və 5 kənd sakinlərinin istifadə etdiyi körpünün təhlükəli vəziyyətinin aradan qaldırılması ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, körpü 1990-cı illərdə kənd sakinləri tərəfindən şəxsi vəsait hesabına tikilib. Qeyd olunub ki, həmin ərazi böyük yol layihəsinə daxildir və Nazirlər Kabinetinin 27 may 2024-cü il tarixli sərəncamına əsasən, həmin avtomobil yolunun tikintisi 2026-cı il üçün planlaşdırılıb. Bildirilib ki, dövlət tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra yolun tikintisi həyata keçiriləcək:
“Bildiririk ki, Nücü kənd inzibati ərazi dairəsi Lənkəran-Lerik avtomobil yolundan 22 km, Lerik rayon mərkəzindən isə 27 km məsafədə yerləşir. Nücü ərazisindən keçən, 8963 nəfər əhalinin yaşadığı 37,8 km-lik Əliabad-Kirəvud-Nücü-Vamazğon avtomobil yolunun üzərində 17 yaşayış məntəqəsi və 1251 yaşayış evi vardır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə əhalinin sıx yaşadığı bir neçə istiqamətdə avtomobil yolları inşa edilmişdir. 2011-ci ildən başlayaraq kənddaxili yolların 25 km-dən artıq hissəsinə büdcə vəsaiti hesabına asfalt örtüyü döşənmişdir. Rayon icra hakimiyyətinin dəstəyi və kənd sakinlərinin köməyi ilə Əliabad-Gürdəsər-Vamazğon, Lərmərud-Haftonu-Masallı avtomobil yollarında mütəmadi olaraq cari təmir işləri aparılmışdır.
Qeyd olunan körpü keçən əsrin 90-cı illərində vətəndaşların şəxsi vəsaiti hesabına tikinti norma və qaydalarına əməl edilmədən inşa edilmişdir. Məlumat üçün bildiririk ki, əhalinin daha sıx yaşadığı avtomobil yolları, o cümlədən 37,8 km-lik Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon avtomobil yolunun tikintisi ilə bağlı tələb olunan bütün sənədlər hazırlanaraq Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilmişdir.
“Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2024-cü il tarixli 292s nömrəli sərəncamında 2026-cı il üçün Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon avtomobil yolunun tikintisi nəzərdə tutulmuşdur. Dövlət tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra avtomobil yolunun tikintisi həyata keçiriləcəkdir”.
Qeyd edək ki, kəndlər arasında gediş-gəliş, gündəlik işlər, məktəbə və digər istiqamətlərə hərəkət məhz bu körpü vasitəsilə həyata keçirilir.
Gülbəniz Səfərova






