Borclunun maaşından pul tutulur, amma yenə də ölkədən çıxışına "stop" qoyurlar: BU, ÖZBAŞINALIQDIR! - MÜSAHİBƏ
Son vaxtlar tez-tez banka borcu olan şəxslər ölkədən çıxmaq istəyərkən hava limanında və ya sərhəddə gözlənilməz vəziyyətlə qarşılaşırlar. Bəziləri borcunun olduğuna görə elə oradaca ölkədən çıxışına “stop” qoyulduğunu öyrənir.
Bəzi vətəndaşların başına gələn bu xoşagəlməz hal nə dərəcədə qanunidir?
Bununla bağlı tanınmış bank eksperti, hüquqşünas Əkrəm Həsənov Patrul.az-a müsahibəsində qaranlıq qalan məsələlərə aydınlıq gətirib.
– Çox vaxt vətəndaşlar ölkədən çıxışına qadağa qoyulduğunu yalnız sərhəddə öyrənirlər. Qanunvericiliyə görə bankın və ya icra məmurunun bu barədə şəxsi əvvəlcədən rəsmi şəkildə xəbərdar etmək öhdəliyi hansı formadadır?
– Borclu şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalıdır. Yəni əvvəlcə şəxsin borcunun olması məhkəmə tərəfindən təsdiqlənməlidir. Bundan sonra borc ödənilmədiyi halda, üzürsüz səbəbdən icra məmuru məhkəməyə təqdimat verir və yalnız məhkəmə vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər.
Verilmiş qərar mütləq vətəndaşa bildirilməlidir. Yəni bu, vətəndaşdan gizli baş tutan proses deyil. Bundan sonra vətəndaş dəvət əsasında məhkəmədə iştirak edib öz mövqeyini bildirə bilər. Həmin məhkəmə qərarını aldığı gündən etibarən 10 gün müddətində şikayət vermək hüququ da var.
Əgər vətəndaşa bu barədə məlumat verilməyibsə və o, sonradan xəbər tutubsa, yenə də qərarı əldə etdiyi gündən 10 gün ərzində apellyasiya şikayəti verə bilər.
– Borclunun imkanı olmadığı halda borcun maaşından tutulması qanunidirmi?
– İcra haqqında qanuna görə, ölkədən çıxışa məhdudiyyət borca görə deyil, borcun “üzürsüz səbəbdən” ödənilməməsinə görə tətbiq oluna bilər. “Üzürsüz səbəb” anlayışına məhkəmə tərəfindən hüquqi şərh verilib. Yəni şəxsin imkanı var, amma borcunu ödəməkdən yayınırsa, bu əsas sayılır. Lakin bu hal sübut edilməlidir.
Təəssüf ki, praktikada bu qaydalara çox vaxt əməl olunmur. İcra məmurları bəzən borcun vətəndaş tərəfindən bilərəkdən və ya obyektiv səbəblərə görə ödənilmədiyini araşdırmırlar. Hətta borc vətəndaşın pensiyasından və ya maaşından tutulduğu halda belə, ölkədən çıxışına “stop” qoyulduğu hallar var. Soruşanda isə “məbləğ azdır, borc çoxdur” deyə əsaslandırırlar. Halbuki bu, qanunsuzdur. Vətəndaşın imkanı nədirsə, ödəniş də o həcmdə həyata keçirilir. Bu baxımdan sadalanan hallar Azərbaycanda qanunsuz addımlar hesab olunur.
– Ölkədən çıxışına qadağa qoyulan şəxs borcunu elə hava limanında onlayn ödəyərsə, bu məhdudiyyətin dərhal aradan qaldırılması mümkündürmü?
– Əgər vətəndaş hava limanında ona “stop” qoyulduğunu öyrənirsə, borcunu yerindəcə ödəsə belə, geri qayıtmalı olacaq. Çünki “stop” yalnız icra məmuru tərəfindən sistemdən çıxarılır.
Gülbəniz Səfərova






