media-inshot_20260424_210529951

Son dövrlərdə orta aylıq əməkhaqqının 1099 manat səviyyəsinə yüksəlməsi əmək bazarında ümumi artım tendensiyasını göstərsə də, minimum əməkhaqqı ilə aradakı nisbətin beynəlxalq standartlarla müqayisədə aşağı qalması sosial-iqtisadi balans baxımından diqqət çəkən məqamlardan biridir.

Minimum və orta əməkhaqqı arasındakı bu fərqin yüksək qalması hansı sosial riskləri yaradır və yeni əməkhaqqı modelinin bu fərqi azaltmaqda təsiri nə dərəcədə effektiv ola bilər?

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin böyük qalması səbəbindən bir neçə ciddi risk yarana bilər:

“Bu fərqin böyük olması ölkədə gəlir bərabərsizliyini dərinləşdirir. Orta aylıq əməkhaqqının yüksəlməsi əsasən yüksək maaşlı sahələrin hesabına baş verirsə, aşağı gəlirli sosial qruplar rifahın yaxşılaşmasını hiss etmir.

İkinci mühüm risk sosial gərginliyin artmasıdır. Sosial gərginliyin artması isə sosial təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda minimum əməkhaqqından aşağı əməkhaqqı alanların sayı 39208 (2,4%), minimum əməkhaqqı civarında (345-400 manat) maaş alanların xüsusi çəkisi isə 25,2% (2023-cü il) olmuşdur. Minimum əməkhaqqı ilə yaşayan və ya ona yaxın gəlir əldə edən insanlar yaşayış xərclərinin artımını daha ciddi şəkildə hiss edirlər”.

media-inshot_20260424_205301616

İqtisadçı ekspert qeyd edib ki, digər risk əmək bazarında motivasiya və məhsuldarlıqla bağlıdır:

“Aşağı maaşlı işlərdə çalışanların əmək stimulları zəifləyir ki, bu da həm iş keyfiyyətinə, həm də iqtisadi artıma mənfi təsir göstərir. Ölkəmizdə minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin azaldılmasına xidmət edəcəkdir. Ümumiyyətlə, bu nisbət Azərbaycanın da ratifikasiya etdiyi Avropa Sosial xartiyasının tələblərinə görə 60%-dən az olmamalıdır. İnkişaf etmiş ölkələrdə bu nisbət 60%-dən yüksəkdir. Ölkəmizdə isə hazırda bu nisbət təqribən 36% təşkil edir”.

R.Abdullayeva onu da vurğulayıb ki, təkcə minimum əməkhaqqını inzibati qaydada artırmaq problemi tam həll etmir:

“Ümumiyyətlə, fərqin azaldılması mümkündür, lakin bu, yalnız kompleks yanaşma (əmək bazarı, vergi siyasəti və iqtisadi inkişaf strategiyasının birlikdə işlənilməsi və s.) ilə real nəticə verə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər