Maqnit qasırğası insan psixikasına necə təsir göstərir? - PSİXOLOQDAN AÇIQLAMA
Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğası baş verəcək.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasından bildirilib ki, dekabrın 8-də gecə saatlarında Günəşdə qeydə alınan M8.1 sinifli partlayış nəticəsində Yerə yüksək sürətli plazma axını müşahidə olunacaq. Bu səbəbdən dekabrın 9 və 10-da G2-G3 səviyyəli (orta və güclü) maqnit qasırğası proqnozlaşdırılır.
Bəs maqnit qasırğaları insan psixikasına necə təsir göstərir?
Mövzu ilə bağlı psixoloq Fidan Azərqızı Patrul.az-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, maqnit qasırğaları birbaşa psixikaya təsir edən faktor deyil, lakin vegetativ sinir sistemində müəyyən həssaslıq yarada bilər:
“Bu həssaslıq emosional dalğalanmaları artırır və mövcud psixoloji vəziyyəti daha görünən edir. Xüsusilə stressə daha meyilli insanlar bu günlərdə emosional qeyri-sabitlik yaşaya bilirlər”.
Psixoloq pasiyentlərdə ən çox müşahidə olunan psixoloji əlamətləri də sadalayıb:
– əsəbilik və gərginlik hissi,
– daxili həyəcan və səbəbsiz narahatlıq,
– yuxu pozuntuları – yatmaqda çətinlik, tez oyanma,
– diqqətin yayılması və konsentrasiya çətinliyi,
– emosional dalğalanmalar və motivasiya azalması.
Bu simptomlar adətən keçicidir, lakin emosional həssas insanlarda daha güclü hiss oluna bilər”.

F.Azərqızı bu dəyişikliklərə qarşı daha həssas olan insanların da siyahısını bizimlə bölüşüb:
“Bu hadisədən ən çox təsirlənənlər xroniki stress altında olanlar, artıq emosional yüklənmə yaşayanlar, yuxu rejimi pozulan şəxslər və həyəcan pozuntuları olan pasiyentlərdir.
Bu şəxslərdə sinir sisteminin adaptasiya gücü daha zəif olduğuna görə xarici dəyişikliklər psixoloji olaraq daha çox hiss olunur”.
Müsahibimiz insanların özlərini psixoloji cəhətdən qoruması üçün məsləhətlərini bildirib:
“Maqnit aktivliyinin yüksəldiyi günlərdə psixoloji balansı qorumaq üçün yüngül fiziki aktivlik və qısa gəzintilər, nəfəs və relaksasiya texnikaları, kofeinin və şəkərin azaldılması, yuxu rejiminin qorunması, informasiya yükünün və ekran vaxtının azaldılması tövsiyə olunur.
Bu tədbirlər sinir sisteminin gərginliyini azaltdığı üçün emosional sabitliyi artırır”.
“Əksər hallarda bu simptomlar normal adaptiv reaksiyalardır və qısa müddətdə keçib gedir. Ancaq şikayətlər uzun müddət davam edirsə, emosional vəziyyət güclü şəkildə pozulursa və ya gündəlik fəaliyyətə mane olursa, psixoloqa və ya digər mütəxəssisə müraciət etmək vacibdir”,- deyə o əlavə edib.
Ləman Sərraf






