Marşrut sürücüsünün özbaşınalığı: Nəzarətçini avtobusla itələdi - VİDEO
Abşeron rayonu, Saray qəsəbəsində çəkilmiş videogörüntülər yol mədəniyyəti baxımından narahatedici vəziyyəti üzə çıxarıb.
Patrul.az xəbər verir ki, küçədə yeni asfalt örtüyü çəkildiyi üçün həmin əraziyə avtomobillərin girişinə qadağa qoyulub və yol nəzarətçisi sürücüləri geri qaytarır.
Lakin Hyundai markalı, 50-FB-256 dövlət qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü bu qaydaya məhəl qoymur. Nəzarətçi ona “girmək olmaz” deyə işarə etsə də, sürücü avtobusu birbaşa onun üzərinə sürür. Görüntülərdə nəzarətçinin bir neçə metr avtobus tərəfindən itələnməsi açıq şəkildə görünür. Bu, həm həmin şəxsin həyatını təhlükəyə atır, həm də yol-tikinti işçilərinə hörmətsizlikdir.
Yeni asfalt çəkilən yola zorla daxil olmaq sürücünün özbaşınalığını göstərir. Bu cür davranış nə nəqliyyat qaydalarına, nə də ictimai nəqliyyat sürücüsünə yaraşır. Hadisə həm işçilərin təhlükəsizliyini pozur, həm də ərazidə olan insanlar arasında haqlı narazılığa səbəb olub.






