media-1842e46b-2fd1-4d95-a93f-99e032858f4c

Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Cəfər Cabbarlı küçəsində sakinlər son vaxtlar ərazidə sahibsiz itlərin sayının kəskin artmasından narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, mövcud vəziyyət xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün ciddi təhlükə yaradır.

Sakinlərin Patrul.az-a bildirdiyinə görə, ərazidəki itlərin aqressiv davranışları, gecə saatlarında səs-küy salmaları və antisanitar şəraitin yaranması gündəlik həyat tərzinə mənfi təsir göstərir. Bu problem onların normal və təhlükəsiz yaşamaq hüququnu məhdudlaşdırır.

Azərbaycan Respublikasının qanunvericiliyinə və “Yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanılması Qaydaları”na əsasən, sahibsiz heyvanların sayının tənzimlənməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxildir. Lakin Məhəmmədli qəsəbəsinin sakinləri bildirirlər ki, dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə və Sahibsiz İtlərə Qayğı Mərkəzinin qaynar xətlərinə müraciət etmələrinə baxmayaraq, hələ də konkret nəticə əldə olunmayıb.

Eyni zamanda, yuxarı instansiyalara ünvanlanan müraciətlərin də nəticəsiz qaldığı vurğulanır. Sakinlər ərazidə insanların təhlükəsizliyinin təmin edilməsini, sahibsiz itlərin isə müvafiq qaydada toplanaraq nəzarət altına alınmasını tələb edirlər.

Sahibsiz heyvanların sayının nəzarətsiz artması həm insan, həm də heyvan sağlamlığı baxımından ciddi problemlərə səbəb ola bilər. Ümid edilir ki, aidiyyəti qurumlar məsələ ilə bağlı zəruri və təxirəsalınmaz tədbirlər görəcəklər.


Bənzər xəbərlər