Gəncədə “Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” birliyinin şöbəsində meyitlərin saxlanıldığı soyuducu uzun müddətdir işləmir - VİDEO
Gəncə şəhərində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” birliyinin yerli şöbəsində meyitlərin saxlanılması üçün nəzərdə tutulan soyuducu qurğunun uzun müddətdir işləməməsi narazılığa səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata görə, bu hadisəni bir mərhumun yaxınları təsdiqləyir. Onların sözlərinə görə, bir aydan çoxdur qurğu işləmədiyi üçün cənazələr istidə saxlanıla bilmir və dərhal dəfn edilməsinə göstəriş verilir.
Mərhumun ailə üzvlərindən biri bildirib ki, tibbi ekspertizaya yaxınlaşdıqları zaman onlara qurğunun sıradan çıxdığı, isti havada meyitin saxlanmasının mümkün olmadığı və buna görə də cənazəni tezliklə dəfn etmələrinin vacib olduğu bildirilib.
Qeyd edək ki, ailə üzvləri yaranmış vəziyyətə görə ciddi narahatlıq keçirir, məsul qurumlardan məsələyə dərhal müdaxilə edilməsini və problemin aradan qaldırılmasını xahiş edirlər.
Gülbəniz Səfərova






