media-inshot_20260225_115517449

Meksikada kartel liderinin öldürülməsindən sonra ölkədə baş verən zorakılıqlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, həlak olanlardan 27-si təhlükəsizlik qüvvələrinin əməkdaşı, 46-sı şübhəli cinayətkar, 1-i isə mülki şəxs olub.

Ölkədə vəziyyətə nəzarəti təmin etmək məqsədilə təxminən 10 min əsgər yerləşdirilib. Məlumata görə, ABŞ-dən də Meksikaya kəşfiyyat dəstəsi göndərilib.

Xatırladaq ki, Meksikanın Xalisko ştatının Tapalpa şəhərində keçirilən əməliyyat zamanı “pis zövqlü adam” mənasını verən “El Menço” ləqəbli Nemesio Oseguera Cervantes atışma zamanı aldığı yaralardan ölüb. Kartel liderinin zərərsizləşdirilməsindən sonra CJNG karteli ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.

Kartellər bir sıra yolları bağlayıb, avtomobilləri yandırıb, müxtəlif bölgələrdə partlayışlar törədiblər. Məlumata əsasən, 20 ştatda 250-dən çox ərazidə nəqliyyat vasitələri yandırılıb və magistral yolların bağlanması üçün istifadə olunub.

Zorakılıq halları əsasən kartelin ən güclü təsirə malik olduğu Xalisko və qonşu ştatlarda qeydə alınıb.

Öldürülən Xalisko kartelinin lideri həm Meksikada, həm də ABŞ-da ən çox axtarılan cinayətkarlardan biri hesab olunurdu.

Qeyd edək ki, ölkədə keçiriləcək Dünya Kuboku oyunlarının təhlükəsizliyi də mövcud vəziyyət fonunda risk altına düşə bilər.


Bənzər xəbərlər