Meksikada xaos: “El Menço” ləqəbli ən böyük kartel liderinin öldürülməsindən sonra küçələrdə müharibə başladı
Meksikada kartellərə qarşı əməliyyat həyata keçirilib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı ölkənin ən böyük kartellərindən birinin lideri olan “El Menço” ləqəbli Nemesio Oseguera öldürülüb.
Əməliyyat Xalisko ştatının Tapalpa şəhərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) kəşfiyyat dəstəyi ilə həyata keçirilib.
Ölkənin Milli Müdafiə Nazirliyi El Mençonun əməliyyat zamanı öldürüldüyünü təsdiqləyib. Nazirlikdən bildirilib ki, əməliyyatın məqsədi onu diri-diri ələ keçirmək olub, lakin atışma zamanı ağır yaralanan Menço hava yolu ilə Mexiko şəhərinə aparılarkən həyatını itirib. Rəsmi şəxsiyyətin müəyyən edilməsi üçün autopsiya və məhkəmə-tibbi ekspertizası aparılacaq.
Bəyanatda toqquşma zamanı dörd kartel üzvünün öldürüldüyü, ikisinin isə saxlanıldığı qeyd edilib. Həmçinin hərbi əməliyyat zamanı üç əsgər yaralanıb.
Kartel liderinin zərərsizləşdirilməsindən sonra ölkənin müxtəlif yerlərində silah səsləri və atışmalar eşidilib. Məlumata görə, digər kartel üzvləri liderlərinin öldürülməsinə etiraz olaraq ştatın müxtəlif ərazilərində nəqliyyat vasitələrini yandıraraq yolları bağlayıblar. Hazırda ölkədə təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında şiddətli qarşıdurmanın davam etdiyi bildirilir.
Sosial mediada yayılan görüntülərdə Xalisko, Miçoakan, Kolima, Nayarit, Aquaskalientes və Tamaulipas ştatlarında nəqliyyat vasitələrinin yandığı, tüstünün qalxdığı, eyni zamanda Quanaxuatoda bəzi müəssisələrin yandırıldığı əks olunub.
Kartel üzvləri amerikalı turistlərin istifadə etdiyi Qvadalaxara hava limanına da basqın ediblər. Bundan başqa, San Juan de Los Laqoda yerləşən Meksika Milli Qvardiyasının bazasına partlayıcı maddələrlə hücum olunub.
Baş verənlərlə əlaqədar hökumət vətəndaşları evlərində qalmağa çağırıb. Xalisko ştatında ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb və ictimai təhlükəsizliyi təhdid edən hadisələr səbəbindən “qırmızı həyəcan siqnalı” tətbiq edilib.
Bununla yanaşı, ABŞ və Türkiyə hökumətləri də ölkədə yaşayan vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıqlar edib.
El Menço kimdir?
“El Menço” ləqəbli Nemesio Oseguera ölkənin ən böyük cinayətkar təşkilatlarından biri olan Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri olub. O, dünyanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri sayılırdı. ABŞ onun tutulması üçün 15 milyon dollar mükafat təklif etmişdi. Menço ABŞ tərəfindən Meksikada “terror hakimiyyəti” qurmaqda və fentanil qaçaqmalçılığı yolu ilə “saysız-hesabsız insanın həyatını məhv etməkdə” ittiham olunurdu.
Meksikada isə o, 10 milyon dollar mükafatla axtarılırdı. CJNG qruplaşması isə ötən ildən etibarən Meksikada kartellərdən ibarət terror təşkilatı elan edilib.
Gülbəniz Səfərova






