media-inshot_20251104_154957034

Məktəblərdə direktorların qanunsuz fəaliyyəti ilə tez-tez rastlaşırıq. Bu məsələni Milli Məclisdə dilə gətirən deputat Fazil Mustafanın sözlərinə görə, direktorun düzgün seçilməməsi həmin məktəbdə təhsil keyfiyyətini də aşağı salır. Bəs bunun üçün təhsil sistemində nə yenilik etmək olar?

Patrulaz.az mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

O, qeyd edib ki, rəhbərlik səlahiyyətlərinin sui-istifadəsi, maliyyə intizamının pozulması, kadr seçimində şəffaflığın olmaması kimi hallar təkcə idarəetmə strukturuna deyil, ümumi təhsil keyfiyyətinə də birbaşa mənfi təsir göstərir:

“Deputat Fazil Mustafanın Milli Məclisdə səsləndirdiyi “direktorun düzgün seçilməməsi məktəbdə təhsil keyfiyyətini aşağı salır” fikri bu problemin mahiyyətini çox dəqiq ifadə edir. Çünki təhsil müəssisəsinin idarəetmə keyfiyyəti birbaşa rəhbərin şəxsiyyətindən, etik davranışından və idarəetmə bacarığından asılıdır.

Hazırda Azərbaycanda 4 mindən çox ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu məktəblərin təxminən 15%-də – yəni 600-ə yaxınında direktor vəzifəsi ya vakantdır, ya da müvəqqəti icraçı tərəfindən idarə olunur. Bu vəziyyət məktəblərdə idarəetmə boşluqları yaradır, təlim prosesində strateji qərarların qəbulunu ləngidir. Qanunvericiliyə əsasən, direktorların təyin olunması müsabiqə və müsahibə yolu ilə həyata keçirilməlidir. Lakin “Təhsil haqqında” Qanunun 34-cü maddəsində göstərilən “təhsil müəssisələrinin rəhbərləri peşəkar bacarıqlarına, idarəetmə təcrübəsinə və nüfuzuna görə seçilməlidir” müddəasının tətbiqi hələ də praktikada tam təmin olunmur”.

media-img-20251104-wa0053

Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi islahatlar son illər müsbət istiqamət yaratsa da, hələ sistemli nəticə üçün struktur yeniliklərinə ehtiyac var:

“Nazirlik 2015-ci ildən etibarən direktorların işə qəbulunu mərkəzləşdirilmiş qaydada, test və müsahibə mərhələləri əsasında həyata keçirir. Bu addım şəffaflıq və obyektivliyin təmin edilməsi baxımından ciddi irəliləyişdir. Müsbət tərəfi odur ki, bu model regionlar üzrə rəhbərlik keyfiyyətində fərqləri azaldır, idarəetməyə yeni nəsil peşəkar kadrların daxil olmasını stimullaşdırır.

Bununla yanaşı, mənfi tərəf kimi onu qeyd etmək olar ki, direktorların seçimi yalnız test nəticələri və qısa müsahibə ilə məhdudlaşdıqda, idarəetmə bacarıqları, psixoloji hazırlıq və məktəb mühiti ilə uyğunluq tam qiymətləndirilmir. Bu səbəbdən, bir çox hallarda direktorlar tədris prosesindən çox inzibati işlərə fokuslanır, pedaqoji kollektivin motivasiyasını aşağı salır. Beynəlxalq təcrübə göstərir ki, məktəb rəhbərlərinin peşəkarlığı təhsil nəticələrinin 25-30 faizinə qədər təsir göstərir. Məsələn, Sinqapurda direktorlar 1 illik “School Leadership Academy” proqramından keçmədən və praktiki idarəetmə təcrübəsi qazanmadan məktəb rəhbəri təyin edilə bilməzlər. Finlandiyada direktor vəzifəsinə seçiləcək şəxs pedaqoji təhsillə yanaşı, strateji idarəetmə üzrə magistr pilləsini tamamlamalıdır”.

Müsahibimiz bildirib ki, Azərbaycanda da bu istiqamətdə dəyişikliklərin edilməsinə ehtiyac var:

“Elm və Təhsil Nazirliyi direktorlar üçün ixtisasartırma və sertifikasiya mexanizmlərini institusional səviyyədə tətbiq etməlidir. Məsələn, “Təhsil idarəçiliyi və liderlik” üzrə dövlət sertifikatı sisteminə keçid vacibdir. Bu, həm direktorların məsuliyyətini artıracaq, həm də məktəblərdə keyfiyyət idarəetmə sisteminin formalaşmasına təkan verəcək. Nazirliyin “Məktəb rəhbərlərinin peşəkar inkişaf proqramı” bu istiqamətdə başlanğıc üçün müsbət addımdır, lakin bu proqramın məcburi və mərhələli şəkildə tətbiqi vacibdir.

Dünya təcrübəsi göstərir ki, uğurlu məktəb modelləri şəffaflıq, hesabatlılıq və nəticə yönümlülük üzərində qurulub. İngiltərədə hər bir məktəb direktoru ildə iki dəfə “School Performance Review” prosesindən keçir, burada tədris göstəriciləri, sosial layihələr və valideyn məmnunluğu indikatorları qiymətləndirilir. Azərbaycanda da direktor fəaliyyətinin yalnız inzibati yoxlamalarla deyil, təhsil keyfiyyəti, sosial mühit və şagird nəticələri əsasında dəyərləndirilməsi daha obyektiv nəticə verərdi.

Elm və Təhsil Nazirliyinin bu sahədə apardığı mərkəzləşdirilmiş nəzarət və hesabatlılıq siyasəti müsbət qiymətləndirilməlidir. Nazirliyin regional təhsil idarələrinin hesabat sistemini gücləndirməsi, direktorların fəaliyyətinin monitorinqini elektron platformalar üzərindən aparması şəffaf idarəetməyə doğru mühüm addımdır. Bununla belə, direktorların seçimi və fəaliyyəti üçün etik kodeks, davranış standartları və məsuliyyət mexanizmləri də hüquqi müstəviyə keçirilməlidir”.

“Hesab edirəm ki, məktəb rəhbərliyində qanunsuzluqların aradan qaldırılması təkcə inzibati nəzarətlə deyil, idarəetmə sisteminin peşəkarlaşdırılması ilə mümkündür. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin gördüyü islahatlar təqdirəlayiqdir, lakin daha sistemli və uzunmüddətli modelin yaradılması üçün hüquqi əsaslar, psixoloji və etik meyarlar da təkmilləşdirilməlidir. Məktəbin uğuru birbaşa onun rəhbərindən asılıdır və peşəkar, şəffaf və məsuliyyətli direktor təhsilin keyfiyyətinə verilən ən dəyərli töhfədir”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər