Məzənnə dəyişikliyi istehlak bazarına necə təsir edir? - İQTİSADİ İZAH
Valyuta məzənnəsində baş verən dəyişikliklər ilk növbədə qiymətlərə və əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Bəs məzənnədə mümkün dəyişikliklər istehlak bazarında hansı nəticələrə səbəb ola bilər?
Patrul.az mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrənib.
O qeyd edib ki, valyuta məzənnəsində dəyişikliklər istehlak bazarına ən çox qiymətlər kanalı ilə təsir edir:
“Əgər milli valyuta dəyər itirirsə, idxaldan asılı olan məhsullar bahalaşır. Azərbaycanda bir çox ərzaq məhsulları, məişət texnikası, elektronika və avtomobil ehtiyat hissələri idxal hesabına formalaşdığı üçün məzənnədə zəifləmə bu məhsulların qiymətlərində artım yaradır. Bu artım tədricən pərakəndə satışa da ötürülür və mağazalarda ümumi qiymət səviyyəsi yüksəlir.
Qiymətlərin artması əhalinin alıcılıq qabiliyyətini azaldır. Eyni gəlirlə daha az məhsul və xidmət almaq mümkün olur. Bu isə istehlakçıları daha ucuz alternativlərə yönləndirir və bazarda davranış dəyişikliyi yaradır. Məsələn, brend məhsullar əvəzinə daha ucuz analoqlara tələbat arta bilər və ya bəzi qeyri-zəruri xərclər təxirə salına bilər”.

Məzənnə dəyişikliklərinin bizneslərin planlaşdırmasına da təsir etdiyini bildirən A.Nəsirli əlavə edib:
“İdxaldan asılı şirkətlər üçün maya dəyəri yüksəlir, bu isə ya qiymət artımı, ya da mənfəət marjasının azalması ilə nəticələnir. Yerli istehsalçılar isə müəyyən hallarda rəqabət üstünlüyü qazana bilər, çünki idxal məhsulları bahalaşdığı üçün yerli məhsullar nisbətən daha cəlbedici olur.
Eyni zamanda bazarda qeyri-müəyyənlik artır. Valyuta sabit olmadıqda bizneslər uzunmüddətli müqavilələrdən çəkinə bilər, ehtiyatla qiymət formalaşdırar və bəzi hallarda stoklama davranışı güclənər. Bu da qısa müddətdə qiymətlərin daha dəyişkən olmasına səbəb ola bilər”.
“Ümumiyyətlə, məzənnə dəyişiklikləri istehlak bazarında həm qiymət səviyyəsini, həm də istehlak davranışlarını dəyişdirən əsas iqtisadi faktorlardan biridir və təsiri ən çox gündəlik tələbat mallarında hiss olunur”,- deyə o, sözlərini yekunlaşdırıb.
Ləman Sərraf






