media-yencag-az_2017-08-16_09-49-39

İyulun 23-də “Minval.info” saytı Rusiya-Azərbaycan münasibətləri ilə bağlı “NATO-nun Azərbaycandakı bazası: Moskvanı soyutmağın vaxtıdır!” adlı maraqlı fikirlərlə zəngin olan analitik yazı təqdim edib.

Patrulaz.az xəbər verir ki, “Minval Politika”nın dərc etdiyi analitik məqalədə Azərbaycanın NATO hərbi bazasını Xaçmazda – Rusiya ilə sərhədə yaxın ərazidə yerləşdirməsi ilə bağlı diqqətçəkən fikir irəli sürülüb.

Məqalədə vurğulanır ki, son dövrlər Rusiya tərəfindən Azərbaycana qarşı informasiya hücumları, təhdidlər və təxribat xarakterli çağırışlar intensivləşib.

Yazıda qeyd edilir ki, Rusiya xüsusi xidmətlərinə bağlı haker qrupları kiberhücumlar həyata keçirir, bəzi Telegram kanalları isə Azərbaycan rəhbərliyini hədəfə alan qaralama kampaniyalarına başlayıb.

Məqalədə ən diqqətçəkən məqam isə Azərbaycanın təhlükəsizliyi üçün NATO bazasının Xaçmaz rayonunda yerləşdirilməsi ehtimalının gündəmə gətirilməsidir. Məlumatda bildirilir ki, bu, beynəlxalq hüquqa zidd deyil və Azərbaycanla NATO arasında mövcud olan Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planına uyğun həyata keçirilə bilər.

“Minval Politika” yazıb:

“Azərbaycan müstəqil dövlətdir və qışqırıq dili bizimlə işləmir… Azərbaycanın suverenliyinə qarşı atılan hər bir addımın qiyməti olacaq”.

Məqalədə həmçinin, Şuşa bəyannaməsinə istinad olunur və qeyd edilir ki, Azərbaycana qarşı hər hansı təzyiq və ya hərbi təxribat Türkiyənin də maraqlarına toxunur və Ankara bu halda biganə qala bilməz.

Bu səbəbdən də, Azərbaycan ərazisində yerləşdirilən NATO hərbi bazası həm də Türkiyənin dolayısı dəstəyini arxasında hiss etdirə bilər. Ankara indiyə qədər olduğu kimi, qardaş ölkənin təhlükəsizliyinə dair istənilən addımda kənarda qalmayacaq.

Yazıdan bu nəticəyə gəlmək olar ki, Azərbaycanın Avropa enerji təhlükəsizliyində tutduğu yer, xüsusilə Cənub Qaz Dəhlizi layihəsi fonunda onu təkcə Türkiyə ilə deyil, ABŞ və digər NATO ölkələri ilə də ortaq maraqların mərkəzinə gətirir.

Bu baxımdan, Rusiyadan gələn təhdidlərə cavab olaraq atılacaq istənilən addım, o cümlədən NATO bazasının Xaçmazda yerləşdirilməsi Cənubi Qafqazda güc balansının dəyişməsi ilə nəticələnə bilər.


Bənzər xəbərlər