media-photo-output

Son illərdə məktəblərdə şagirdlərin tez yorulması, dərs prosesinə diqqətin azalması və ümumi motivasiyanın aşağı düşməsi daha çox müşahidə olunan problemlərdən birinə çevrilib. Təhsil mütəxəssisləri bildirirlər ki, bu vəziyyət təkcə fərdi səbəblərlə deyil, həm də sosial mühit, rəqəmsal asılılıq və tədris metodlarının dəyişən tələblərə uyğunlaşmaması ilə bağlıdır. Artan informasiya axını və diqqətin sürətlə yayılması da bu tendensiyanı gücləndirən əsas amillər sırasındadır.

Bəs şagirdlərdə yorğunluq və motivasiya azalmasının əsas səbəbləri nələrdir və mövcud təhsil sistemi bu problemi nə dərəcədə dərinləşdirir?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, şagirdlərdə yorğunluq və diqqət azalması əsasən texnoloji asılılıq, yuxu rejiminin pozulması və hərəkətsiz həyat tərzinin birgə təsiri ilə yaranan kompleks problemdir:

“Şagirdlər arasında müşahidə olunan xroniki yorğunluq, diqqət dağınıqlığı və motivasiya itkisi müasir dövrün ən ciddi təhsil və psixoloji problemlərindən biridir. Bu vəziyyət tək bir amildən asılı deyil. Bura həm texnoloji mühit, həm bioloji faktorlar, həm də təhsil sistemindəki bəzi yanlış yanaşmalardan qaynaqlanan kompleks səbəblər daxildir.

Bu gün uşaqlar gün ərzində çox böyük informasiya axını ilə qarşılaşır. Sosial şəbəkələr, qısa videolar və rəqəmsal oyunlar onların diqqətini sürətli və rəngarəng şəkildə cəlb edir. Beyin bu cür sürətli və maraqlı məzmuna öyrəşdikcə, dərsdə təqdim olunan daha sakit və izahlı məlumatlar ona darıxdırıcı görünür. Nəticədə şagirdin diqqəti tez yayınır və dərsə fokuslanmaq çətinləşir.

Digər tərəfdən, gündəlik həyat tərzi də bu vəziyyətə ciddi təsir edir. Uşaqların ekran qarşısında çox vaxt keçirməsi onların yuxu rejimini pozur. Keyfiyyətsiz yuxu isə səhərlər yorğunluq, halsızlıq və diqqəti toplamaqda çətinlik yaradır. Hərəkətin az olması da enerjinin aşağı düşməsinə səbəb olur.”

Təhsil eksperti qeyd edir ki, problemin əsas həlli təhsilin nəticəyönümlü yanaşmadan fərdi yanaşma və maraq əsaslı öyrənmə modelinə keçid etməsidir:

“Məktəb mühitində çox vaxt diqqət öyrənmənin özünə deyil, nəticəyə – qiymətlərə və imtahanlara yönəlir. Bu isə şagirdlərdə daimi gərginlik yaradır. Şagird öyrənmək üçün yox, səhv etməmək üçün çalışır və bu da zamanla onu yorur.

Eyni zamanda, hər bir uşağın fərqli olduğunu nəzərə almadan hamıdan eyni nəticəni gözləmək problemlərə səbəb olur. Kimi daha sürətli öyrənir, kimi isə daha çox zamana ehtiyac duyur. Amma hamıya eyni yanaşma tətbiq olunanda bəzi uşaqlar özlərini geridə qalmış kimi hiss edir və dərsə marağını itirir.

Bu vəziyyəti dəyişmək üçün yanaşmanı yeniləmək lazımdır. Dərslər daha maraqlı, şagirdlərin həyatına yaxın və onları düşündürən şəkildə qurulmalıdır. Texnologiya isə rəqib kimi deyil, düzgün istifadə olunan köməkçi vasitə kimi dəyərləndirilməlidir. Ən əsası isə şagirdin marağı, sualları və düşüncəsi öyrənmənin mərkəzində dayanmalıdır. Yalnız bu halda daha enerjili, maraqlı və öyrənməyə həvəsli bir nəsil yetişdirmək mümkün olacaq.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər