Müharibə ehtimalı artır? - Ölkələr vətəndaşlarını İran və İsraildən çıxmağa çağırdı
İran, ABŞ və İsrail arasında gərginlik fonunda bir sıra ölkələr vətəndaşlarını bölgəni tərk etməyə çağırıb.
Patrul.az xəbər verir ki, bir neçə dövlət İran və İsraildə yaşayan vətəndaşlarına təhlükəsizlik səbəbilə həmin ölkələri tərk etmələri ilə bağlı çağırış edib.
Məlumata görə, Kanada, Polşa, Çin, Almaniya, İtaliya və Qazaxıstan hökumətləri İranda yaşayan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıblar.
Eyni zamanda İranla nəqliyyat əlaqələri də məhdudlaşdırılır. Türkiyənin İstanbul şəhərindən İrana həyata keçirilən uçuşlar dayandırılıb.
İranla yanaşı, bəzi ölkələr İsraildə yaşayan vətəndaşlarını da ehtiyat tədbiri olaraq ölkəni tərk etməyə çağırıb. Bu ölkələr arasında ABŞ, Çin, Almaniya və İtaliya yer alır.
Böyük Britaniya hökuməti isə həm İsraildə, həm də İrandakı səfirliklərinin bütün heyətini, o cümlədən səfirlərini təcili şəkildə təxliyə edib.
Digər tərəfdən, İsrail mümkün eskalasiya ehtimalına qarşı hərbi hazırlıq tədbirlərini gücləndirib. İsrail Səhiyyə Nazirliyi xəstəxanalara 2-4 həftə davam edə biləcək müharibə ehtimalına hazır olmaları barədə göstəriş verib. Hava hücumundan müdafiə sistemi tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bununla yanaşı, İsrail Müdafiə Qüvvələrinin yüzlərlə ehtiyatda olan əsgəri hava hücumundan müdafiə komandanlığına xidmətə çağırılıb. Təhlükəsizlik məqsədilə ölkədə bomba sığınacaqları da açılıb.
Məlumata görə, İsrail ölkədəki xəstəxanalarda da hazırlıq tədbirlərini gücləndirib. Belə ki, xəstəxanalardan vəziyyəti kritik olmayan xəstələrin təxliyəsinə hazırlaşılır.
ABŞ də bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib. Belə ki, ABŞ özünün Qüds və Bağdadda yerləşən səfirliklərinin heyətini təxliyə edib.
İsrail hərbi hazırlıqlar apardığı bir vaxtda, ABŞ-dən də ona dəniz yolu ilə dəstək gəlib. Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 14 yanacaqdoldurma təyyarəsi İsrailin Tel-Əviv şəhərindəki hava limanına eniş edib. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus və nüvə enerjisi ilə işləyən “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi də İsrail sahillərinə çatıb.
Eyni zamanda Qətərdə yerləşən “Əl-Udeyd” hava bazasından hərbi təyyarələr İordaniya, İsrail və bölgədəki digər bazalara köçürülüb.
Bütün bunların fonunda ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatla bağlı verilən suala “bəzən bunu etmək lazımdır” deyə cavab verib. Tramp həmçinin “İrana hücum regional münaqişəyə səbəb ola bilərmi?” sualına isə “risk həmişə var” sözləri ilə münasibət bildirib.
Mənbə: İran, İsrail və ABŞ-nin KİV-ləri
Gülbəniz Səfərova






